...

Nazim İbrahimov: "Amerika Yəhudi Komitəsinin 100 illik yubiley tədbirlərdə iştirakımdan bu qənaətə gəldim ki, biz yəhudi diasporunun təcrübəsindən çox yararlana bilərik"

Siyasət Materials 6 May 2006 12:13 (UTC +04:00)
Nazim İbrahimov: "Amerika Yəhudi Komitəsinin 100 illik yubiley tədbirlərdə iştirakımdan bu qənaətə gəldim ki, biz yəhudi diasporunun təcrübəsindən çox yararlana bilərik"

"Vaşinqtonda keçirdiyim bütün görüşlərdə Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfərinin təəssüratlarından danışılır. Hər bir kəs Azərbaycanın çox xoşbəxt gələcəyinin olacağını qeyd edir". Bu fikrləri Trend ə açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

Hazırda ABŞ-da səfərdə olan Nazim İbrahimov bildirib ki, Amerika Yəhudi Komitəsinin 100 illik yubileyi münasibəti ilə Vaşinqtonda keçirilən təntənəli mərasimdə iştirak edib. Onun sözlərinə görə, bir çox ölkələrin nazirlərinin, yüksək səviyyəli qonaqların qatıldığı mərasimdə ABŞ prezidenti Corc Buş çıxış edib, həmçinin Almaniyanın kansleri Angela Merkel, BMT-nin baş katibi Kofi Annan nitq söyləyiblər. Bir çox ölkələrin baş nazirlərinin və digər rəhbər şəxslərin təbrikləri oxunub. Azərbaycandan rəsmi şəxs kimi Nazim İbrahimov və ölkəmizdəki yəhudi icmasının rəhbəri Semyon İxilov da iştirak edib.

Mərasimin yüksək səviyyədə keçdiyini deyən N.İbrahimov əlavə edib ki, son zamanlar Azərbaycanla ABŞ arasında münasibətlərin inkişaf edərək yüksək səviyyəyə gəlib çatması bu tədbirdə də özünü göstərib: "Bütün görüşlərimizdə və tədbirlərdə Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfərinin təəssüratlarından danışılırdı, və burada hamı Azərbaycanın çox xoşbəxt gələcəyi olduğuna inamını dilə gətirir. Həmin mötəbər mərasimdə təşkilatçılar çox böyük fəxrlə qeyd etdilər ki, tədbirdə Azərbaycandan da qonaqlar iştirak edir. Azərbaycanın adını xüsusi qeyd etmələri bizim üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycan və yəhudi diasporları arasında əlaqələr də bizim üçün çox böyük önəm daşıyır. Amerika Yəhudi Komitənin 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirakım məndə belə bir qənaət yaradıb ki, biz azərbaycanlılar yəhudi diasporunun təcrübəsindən çox yararlana bilərik. Onlar özləri də bu işdə bizə yardımçı olmağa hazırdırlar".

Bundan sonra Nazim İbrahimov Azərbaycan-yəhudi diasporunun birgə təşkil etdiyi tədbirdə də iştirak edib. Toplantıda diasporlararası əməkdaşlıq məsələləri, əlaqələrin gələcək perspektivi barədə müzakirələr aparılıb: "Həm İlham Əliyevin ABŞ səfərindən sonra qarşımıza qoyulan vəzifələrdən, həm də ABŞ-da keçirdiyim görüşlərdən gəldiyim qənaət bunu deməyə əsas verir ki, biz Amerikada Azərbaycan diasporunun tam birliyinə nail olacağıq. Artıq ümumi bir fikir də formalaşıb ki, Amerikada diaspor təşkilatlarımızın vahid bir Assosiasiyasının yaradılmasının vaxtı gəlib çatıb"-deyə Komitə sədri qeyd edib.

Qeyd edək ki, Nazim İbrahimovun ABŞ səfəri davam edir və mayın 7-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti