Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) sədri Mirmahmud Mirəlioğlu iyunun 2-də ABŞ səfirliyinin iqtisadi və siyasi məsələlər üzrə müşaviri Pol Nareynlə görüşüb. Bu barədə Trend ə görüşdə iştirak edən KAXCP sədrinin siyasi məsələlər üzrə müavini Yusif Sevdimalıyev bildirib.
S.Sevdimalıyev qeyd edib ki, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, cəmiyyətdə siyasi partiyaların rolu, 2005-ci il 6 noyabr və 2006-cı il13 may parlamentə keçirilən təkrar seçkilər, seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı prezidentin imzaladığı 11 may və 25 oktyabr sərəncamları müzakirə olunub.
KAXCP rəsmisi onu da bildirib ki, söhbət zamanı regionda və dünyada baş verən hadisələr, Güneydə soydaşlarımızın hüquqlarının pozulması ilə bağlı məsələlər də geniş müzakirə olunub: "Dağlıq Qarabağ problemi və bütöv Azərbaycan uğrunda mübarizə ilə bağlı partiyanın tutduğu mövqe səfirliyin müşavirinə çatdırılıb. Daha sonra isə partiya ilə ABŞ səfirliyinin gələcəkdə qarşılıqlı əlaqələr məsələsi müzakirə olunub".