...

Araz Əzimov: Ümidvaram ki, Ermənistan rəhbərliyi danışıqların nəticələrini təhlil edəcək və öz mövqeyinə bir daha nəzər salacaq

Siyasət Materials 9 İyun 2006 17:16 (UTC +04:00)

Ümidvaram ki, Ermənistan rəhbərliyi Rambuye və Buxarestdəki danışıqların nəticələrini təhlil edəcək və öz mövqeyinə böyük kostruktivizm baxımından bir daha nəzər salacaq. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyunun 9-da Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ermənistan tədricən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyilə tək qalacaq, çünki indiyə qədər heç bir işğalçı dövlət dəstəklənməyib. "İrəvan heç bir dünya ölkəsində Azərbaycan torpaqlarının işğalı məsələsində dəstəklənmir. İrəvan anlayır ki, onun hazırkı mövqeyi istədiyi nəticəni vermir"- deyə A.Əzimov qeyd edib. Nazir müavini "Ermanistanın mövqeyinin tədricən daha da zəifləşəcəyinə" əmin olduğunu bildirib.

"Əhalinin yarısı ölkəni tərk edib, durğunluq göz qabağındadır. Yəni bu mövqeyə təkrar baxılmalıdır" - deyə o əlavə edib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdakı səfərinə gəldikdə, Araz Əzimov deyib ki, həmin görüşdə danışıqlar prosesinin gedişi, xüsusilə, Buxarestdəki görüşünün nəticələri üzrə hansı addımların atıla biləcəyi müzakirə ediləcək. Həmçinin Ermənistanın mövqeyilə bağlı danışıqlar prosesində yaranmış boşluqların aradan qaldırılması haqqında fikir mübadiləsi aparılacaq: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə sülh dialoqunu hansı istiqamətdə davam etdirmək lazımdır?

A.Əzimov ATƏT-in Minsk Qrupu həmsədrinin rotasiyası ilə bağlı da fikir söyləyib. "Hesab etmirəm ki, Stiven Menni əvəz edəcək diplomat Azərbaycan-Ermənistan məsələsində az təcrübəli olsun. Mənim bildiyimə görə, bu diplomat da çox məlumatlı, təcrübəli və prinsipaldır" - deyə Azərbaycan XİN-inin nümayəndəsi qeyd edib. O deyib ki, ABŞ-dan olan həmsədrin dəyişdirilməsi danışıqların gedişinə təsir göstərməyəcək.

A.Əzimov S.Mennin həmsədr vəzifəsindəki fəaliyyətini "müsbət" adlandırıb. "Həm konseptual nöqteyi-nəzərdən, həm də danışıqlar prosesinin irəliləməsi baxımından S.Menn Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması ilə bağlı dialoqun inkişafına böyük töhfə verib" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti