Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası Azərbaycan üçün problemsiz ötüşəcək. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə bildirib.
Qeyd edək ki, AŞPA-nın yay sessiyası iyunun 26-da öz işinə başlayacaq. Sessiyada Azərbaycanı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
A.Mirzəzadə bildirib ki, sessiyanın ilk günündə AŞPA-nın sədri Rene van der Linden çıxış edəcək, Çernoqoriyanın dövlət statusu ilə bağlı keçirilmiş referendum müzakirə ediləcək. Sonrakı günlərdə Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçilməsi, AŞ-a üzv ölkələrdə gizli həbsxanalar, qeyri-qanuni miqrantların haqları, ifadə azadllığı və dini etiqadlara hörmət məsələsi müzakirə olunacaq. AŞPA-nın ölüm hökmünü ləğv etməyən AŞ-ya üzv dövlətlər və müşahidəçi ölkələrlə bağlı mövqeyi açıqlanacaq. Sessiyanın son günü müzakirə olunacaq məsələlər sırasına milli azlıqların hüquqlarının qorunmasına dair çərçivə Konvensiyasının AŞ tərəfindən təsdiqlənməsi məsələsi də salınıb.
A.Mirzəzadə onu da qeyd edib ki, iyunun 30-dək davam edəcək tədbirdə Azərbaycanla bağlı məsələyə baxılacaq, Monitorinq Komitəsinin ölkəmiz üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkelin məruzələri dinləniləcək: "Müxalifət mətbuatının yazdığından fərqli olaraq bu sessiyada Azərbaycanı heç bir problem gözləmir. Çünki Azərbaycanda mayın 13-də parlamentə keçirilən təkrar seçkilərin nəticələri qurumun müşahidə missiyası tərəfindən yüksək qiymətləndirilib".