İyunun 22-də Gürcüstan xarici işlər nazirinin birinci müavini Valeri Çeçelaşvili siyasi məsləhətləşmələr aparmaq üçün Bakıya gələcək. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
Danışıqlarda ikitərəfli əlaqələrə dair kompleks məsələlər müzakirə olunacaq. Həmçinin, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclasının keçirilmə tarixinin müəyyən edilməsi də nəzərdə tutulur. X.Xələfovun sözlərinə görə, bu məsələ daim gündəlikdədir və təqribən iyulun 1-ci yarısında müvafiq komissiyaların görüşü keçirilməlidir. Ancaq buna qədər ekspertlər razılaşdırılmamış sahələrdə araşdırmalar aparacaq.
X.Xələfov hesab edir ki, Azərbaycan-Gürcüstan sərhədinin delimitasiya və demarkasiya prosesi obyektiv səbəblərlə - çoxlu sayda razılaşdırılmamış sahələrin olması ilə əlaqədar uzanıb. Onun sözlərinə görə, bu yaxınlarda ikitərəfli komissiyanın Azərbaycan hissəsi iclas keçirib və mövcud məsələləri müzakirə edib. Ekspertlərə tapşırıqlar verilib və hazırda bu istiqamədə işlər davam etdirilir.