İyunun 23-də Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov Bakıda səfərdə olan Rusiya Federasiyası Daxili Qoşunlarının (DQ) baş komandan müavini general-leytenant Sergey Topçiylə görüşüb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə iki ölkənin daxili qoşunları arasında gələcək əməkdaşlığın və təcrübə mübadiləsinin pespektivləri müzakirə olunub.
Ramil Usubov qonağın nəzərinə çatdırıb ki, Azərbaycanda Daxili Qoşunlar 12 il əvvəl yaradılıb və yarandığı gündən dövlətin xüsusi qayğısı ilə əhatə olunub. Bu qayğı sayəsində hazırda DQ-nin əsgərləri Azərbaycanın bütövlüyünü qorumağa tam hazır vəziyyətdədir. R.Usubov həmçinin qeyd edib ki, DQ zabitləri müxtəlif ölkələrdə bilik və təcrübələrini artırır. Son illər ərzində DQ-nin beynəlxalq standartlara cavab verən bir neçə hərbi hissəsi açılıb.
S.Topçiy isə Bakıya səfəri zamanı yüksək səviyyədə qarşılandığına görə ilk olaraq nazirə təşəkkürünü bildirib. O qeyd edib ki, səfəri çərçivəsində DQ-nin bir neçə hərbi hissəsində və Xızıdakı təlim mərkəzində olub. Hərbi hisslərlə tanışlığından və DQ əsgərlərinin döyüş nümunələri nümayiş etdirməsindən razı qalıb.
Topçiy həmçinin qeyd edib ki, Rusiya Azərbaycanla hər sahədə olduğu kimi bu iki ölkənin Daxili Qoşunları arasında əməkdaşlığı davam etdirməyə və yeni sənədlər imzalamağa da böyük önəm verir. Bu niyyətlə də səfəri çərçivəsində DQ-lar arasında əməkdaşlığa dair niyyət protokolunun ilkin variantı Azərbaycanın Daxili Qoşunlarının komandanı Zakir Həsənova təqdim olunub. Z.Həsənov tərəfindən sənədə düzəlişlər və əlavələr edildikdən sonra hər iki ölkənin DQ-nin komandanı əməkdaşılığa dair protokolu ykdilliklə qəbul edildikdən sonra bu ilin sonunadək Novosibirskdə imzalanacaq.