Azərbaycan düzgün, müsbət istiqamətdə hərəkət edir və demokratiyanın inkişafı üçün Avropa Şurasının dəstəyinə ehtiyacı var. Trend in verdiyi xəbərə görə, bu barədə iyunun 26-da Strasburqda AŞPA-nın "Azərbaycan parlament nümayəndə heyəti səlahiyyətlərinə etiraz edilməsi barədə"1480 saylı qətnaməsinin (2006-cı il) yerinə yetirilmə məsələsinin müzakirəsi zamanı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) parlament nümayəndə heyətinin başçısı Səməd Seyidov bildirib.
Nümayəndə heyətinin başçısı cari il mayın 13-də keçirilmiş, həm də AŞ müşahidəçilər qrupu tərəfindən də diqqətlə izlənilən Azərbaycan parlamentinə təkrar seçkilərə diqqəti yönəldib.
Səməd Seyidov qeyd edib ki, Azərbaycanın müxalifət partiyalarının bir hissəsinin təkrar parlament seçkilərini boykot etməsinə baxmayaraq, əksər siyasi qurumlar bu seçkilərdə iştirak edib. "Azərbaycan bütün məsələləri Avropa Şurası, həmçinin Venesiya komissiyası ilə müzakirə etməyə hazırdır. Azərbaycanın bütün seçki təcrübəsi tamamilə şəffafdır. Təsadüfi deyil ki, Böyük Britaniyanın baş naziri Toni Bler aşkar seçkilərə görə Azərbaycan hökümətinə təbrik məktubu göndərib. Bir çox ölkələr də bu cür hərəkət edərək, rəhbərliyə təbrik məktubu göndərib", - deyə S.Seyidov qeyd edib və xatırladıb ki, noyabr seçkilərindən sonra xüsusi fəaliyyət planı təsdiqlənib.
"Bu proqram çərçivəsində bir çox işlər görülüb. Azərbaycan üçün yeni təcrübə - seçicilərin barmaqlarının işarələnməsi barədə də unutmaq olmaz", - deyə S.Seyidov əlavə edib.
"Ölkəmiz Avropa Şurası standartları istiqamətində demokratiyanı inkişaf etdirməyə çalışır. Unutmaq olmaz ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazi probleminin olmasına baxmayaraq, o, demokratiyanı inkişaf etdirir. Azərbaycanın Avropa Şurasının dəstəyinə ehtiyacı var", - deyə nümayəndə heyəti vurğulayıb.