...

Fazil Qəzənfəroğlu: "ATƏT PA-da Dağlıq Qarabağla bağlı məruzə yenidən hazırlanacaq"

Siyasət Materials 10 İyul 2006 18:18 (UTC +04:00)

ATƏT-in Parlament Assambleyasında (PA) Dağlıq Qarabağla bağlı məruzə yenidən hazırlanacaq. Bu barədə Trend ə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Qeyd edək ki, ATƏT PA-nın iyulun 3-7-də Brüsseldə keçirilən 15-ci yay sessiyasında isveçli deputat Qoran Lenmarker qurumun sədri seçildiyinə görə Dağlıq Qarabağ üzrə məruzəçi missiyasına yekun vurub. F.Qəzənfəorğlu bildirib ki, yeni məruzəçi təyin olunduqdan sonra Dağlıq Qarabağla bağlı Q.Lenmarkerin hazırladığı məruzəyə yenidən baxılacaq: "Biz Qoran Lenmarkerlə görüşüb söhbət apardıq. Düzdür, Dağlıq Qarabağ məsələsi sessiyada qaldırılmadı. Çünki Qoran Lenmarkerin bu problemlə bağlı hazırladığı məruzədə tərəfləri qane etməyən məqamlar var. Məruzədə işğalçı Ermənistanla Azərbaycana bərabər mövqedən yanaşılıb. Çox güman ki, sənəd yeni təyin olunacaq məruzəçi tərəfindən təzədən işləniləcək".

F.Qəzənfəroğlu onu da qeyd edib ki, Azərbaycanın nümayəndə heyəti ATƏT PA-nın yay sessiyasında Ermənistanın işğalçı siyasəti ilə bağlı yetərincə məsələ qaldırıb. Lakin ermənilərin işğal olunan Azərbaycan ərazilərində qəsdən törətdikləri yanğınların monitorinqinin aparlıması ilə bağlı qurum rəhbərliyi qarşısında məsələ qaldırılmayıb.

Xəbər lenti

Xəbər lenti