...

Aydın Mirzəzadə: "Türkiyə Avropa Birliyinin şərtlərini qəbul edərsə, öz tarixindən və milli hissiyyatından imtina etmiş olacaq"

Siyasət Materials 12 İyul 2006 16:04 (UTC +04:00)

Türkiyə nəzəri cəhətdən Avropa Birliyinin şərtlərini qəbul etsə belə quruma üzv qəbul edilməyəcək. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili, politoloq Aydın Mirzəzadə bildirib.

Qeyd edək ki, Avropa Parlamentinin əsas siyasi qrup nümayəndələri bəyan ediblər ki, Türkiyə qondarma erməni soyqırımını tanımasa və Ermənistanla sərhədlərini açmasa, Avropa Birliyinə qəbul edilməyəcək. Bu şərtlər sırasında Kiprin tanınması, kürd məsələsinin həlli də durur. İyulun 12-də isə Avropa Parlamentinin xarici işlər komissiyası Türkiyənin Avropa Birliyiynə üzvlüyü istiqamətində vəziyyətlə bağlı dinləmələr keçirəcək.

Millət vəkili bildirib ki, qondarma erməni soyqırımı məsələsi beynəlxalq təşkilata üzvlük üçün şərt ola bilməz. Bu məsələ tarixçilərin mübahisə subyektidir: "O cümlədən sərhədlərin açılması da. Bu, artıq dövlətin daxili işlərinə qarşmaq deməkdir. Söhbət dövlətiin siyasi və hüquqi quruluşunun, iqtisadi vəziyyətinin həmin təşkilatın şərtlərinə uyğun gəlib-gəlməməsindən gedə bilər".

Politoloq qeyd edib ki, nəzəri şəkildə bu şərtləri yerinə yetirdikdən sonra Türkiyənin Avropa Birliyinə qəbul edilməsinə də inamı yoxdur: "Çünki ümumilikdə Avropa içərisində hələ Türkiyənin öz daxilinə qəbul etmək qərarı verilməyib. Bu mərhələ hələ yetişməyib. Ona görə də digər şərtlərin irəli sürülməsi gözləniləndir. Çox maraqlıdır ki, iqtisadi cəhətdən Türkiyədən qat-qat zəif olan dövlətlər birliyə qəbul olunur, amma rəsmi Ankara bu prosesdən uzaq saxlanılıb".

A.Mirzəzadə Türkiyə qarşısında qoyulan məlum şərtlərin rəsmi Ankara tərəfindən qəbul ediləcəyinə inanmadığını bildirib: "O şərtlərin qəbul edilməsi faktiki olaraq Türkiyənin öz tarixindən və milli hissiyyatından imtina etməsi demək olar. Tarixini yenidən yazacaq, Ermənistan qarşısında üzr istəməli olacaq və s. Söhbət bu iki şərtin qəbulundan yox, bunun ardınca zəncirvari mərhələlərdən gedir. İkincisi, rəsmi Ankara Ermənistanla sərhədini açarsa, Azərbaycanı Dağlıq Qarabağ problemi ilə təkbətək qoymuş və Azərbaycanla qardaşlığından imtina etmiş olacaq. Bu isə Türkiyənin Cənubi Qafqazda bir dövlət kimi nüfuzuna xələl gətirəcək".

Politoloq əmindir ki, Türkiyə iqtidarı bu şərtlərin qəbuluna heç vaxt yol verməyəcək.

Xəbər lenti

Xəbər lenti