...

Əli Həsənov: "Azərbaycanda Avropa Şurası monitorinq qruplarının fəaliyyət göstərməsinə ehtiyac yoxdur"

Siyasət Materials 14 İyul 2006 18:09 (UTC +04:00)
Əli Həsənov: "Azərbaycanda Avropa Şurası monitorinq qruplarının fəaliyyət göstərməsinə ehtiyac yoxdur"

"Azərbaycanda Avropa Şurasının monitorinq qruplarının fəaliyyət göstərməsinə ehtiyac yoxdur". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov bildirib.

O qeyd edib ki, Azərbaycan Avropa Şurasının tamhüquqlü üzvünə çevrilib və bu təşkilat qarşısında götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirib: "Ona görə də biz düşünürük ki, Avropa Şurasına üzv olan digər ölkələrdə monitorinq qrupu fəaliyyət göstərmədiyi kimi, Azərbaycanda da belə qrupların olmasına ehtiyac yoxdur. Amma əgər Avropa Şurasının hansısa institutu Azərbaycanla daha sıx işləmək, əməkdaşlıq etmək istəsə, ölkədə demokratik cəmiyyət quruculuğu işinə daha yaxından dəstək vermək istəsə, biz bundan imtina etməyəcəyik. Yəni, Azərbaycan Avropa Şurasının institutları ilə əməkdaşlıqdan imtina etməyəcək. Amma Azərbaycana hər dəfə öz subyektiv mülahizələri olan deputatın göndərilməsi, özünün şəxsi fikirlərini Avropa Şurasına çatdırması, rəy formalaşdırması bizi narahat edir"-deyə Prezident Aparatı rəsmisi vurğulayıb.

Ə.Həsənov beynəlxalq təşkilatların Azərbaycanda jurnalistlərə təhlükə yönəlməsi, söz azadlığının məhdudlaşdırılması barədə rəylərinə münasibət bildirərkən bu fikirlərlə razılaşmadığını deyib. Onun sözlərinə görə, mərhum jurnalist Elmar Hüseynovun qətlə yetirilməsi kimi faktlar Azərbaycanda kütləvi hal deyil. Əksinə, bu, istisna hal kimi baş vermiş bir hadisədir: "Azərbaycan hökuməti bu hadisəni pisləyib və qətlin açılmasına, cinayətkarların tapılıb cəzalandırılmasına çalışır, əlindən gələni edir və bundan sonra da edəcək".

Xəbər lenti

Xəbər lenti