...

Nuray Altan: Türkiyədə mətbuat azaddır

Siyasət Materials 20 İyul 2006 13:43 (UTC +04:00)
Nuray Altan: Türkiyədə mətbuat azaddır

Trend in xüsusi müxbirinin Türkiyə höküməti yanında mətbuat, çap və informasiya üzrə Baş müdiriyyət başçısının müavini Nuray Altan ilə eksklüziv müsahibəsi

- Türkiyədə KİV açmaq üçün yalnız prokurorluğu xəbərdar etmək lazım olduğu həqiqətə nə dərəcədə uyğundur?

- Bəli. Bizdə mətbuat azaddır. Və, əsasən, qəzet, tele və radiokanallar özəldir. Hər hansı nəşr açmaq üçün bu barədə prokurorluğu xəbərdar etmək lazımdır. Bu kifayətdir.

- Bu gün Türkiyədə nə qədər qəzet və telekanal fəaliyyət göstərir?

- Bizdə bütün ölkə üzrə yayılan cəmi 40 milli qəzet var. Yalnız bir dövlət qəzeti var və burada ancaq qanunlar dərc edilir. Daha 23 bölgə, 261 şəhər qəzeti, ümumilikdə isə 2224 qəzet var. Üstəgəl 395 kabel və 69 sputnik televiziyası, 36 milli radiokanal, 49 sputnik radiosu da var. Ölkənin ən böyük TRT telekanalı yalnız qismən dövlətə, qalan səhmləri isə özəl şəxslərə məxsusdur. Qeyd etmək istəyirəm ki, bizim mətbuat haqqında qanunumuzda KİV-də inhisarçılığın yayılmasının qarşısını alan müddəa var. Bu, fikirlərin plüralizmini təmin edən çox vacib məqamdır.

- Bu qədər çox nəşrlər arasında KİV haqqında qanunun prinsiplərinə necə riayət olunur? Və bütün nəşrlərin riayət etməli olduğu əsas tabular hansılardır?

- Biz Amerika kəşf etməmişik. Qanunun əsas müddəaları Aİ-də qəbul edilmiş prisiplərə uyğun tərtib edilib. Bütün digər dövlətlərdə olduğu kimi, bizim də əsas tabumuz milli təhlükəsizliyə, ərazi bütövlüyünə, ictimai asayiş və cəmiyyətin təhlükəsizliyinə riayət etməkdir. İnsan hüquqlarını kobudcasına pozan, həmçinin məhkəmə qərarlarına təsir edən nəşrlərə qadağa qoyulub.

- Əgər jurnalist və ya nəşr kiminsə qəzəbinə səbəb olacaq məlumat dərc edibsə, cəza proseduru və görüləcək tədbirlər hansılardır?

- Əgər siz, fərz edək ki, nəşr və ya tele-radio verilişlərindən narazısınızsa, Baş müdiriyyətdəki ali mətbuat şurasına müraciət etməlisiniz. Onlar sizin şikayətinizə baxacaq. Əgər informasiya düzgün deyilsə, jurnalist və ya onun mənsub olduğu nəşr onu təkzib etməlidir. Düzgün olmayan məlumata görə cəza tədbirlərinə gəlincə isə, jurnalisti azadlıqdan məhrum edə bilərlər, lakin bu, artıq məhkəmənin qərarı ilə ola bilər.

Əgər bu və ya digər telekanal qanunun müddəasını pozursa, bu halda ali şura xəbərdarlıq edir. Cəza qismində "qara ekran"dan istifadə olunur, onun fonunda isə kanalın yayımının hansı səbəbdən dayandırıldığı barədə yazı gedir. Bir qayda olaraq, kanalın yayımı bir sutkadan artıq dayandırılmır. Bu maddə 2004-cü ildə qəbul olunub.

Lakin qeyd etmək lazımdır ki, hələ bizdə böyük və ciddi pozuntu müşahidə edilməyib.

- Türkiyədə junralistlərin cəzalandırılması üzrə hər hansı statistika varmı?

- Ötən il Baş müdiriyyətin Ali mətbuat şurasına junralistlərlə bağlı 139 şikayət daxil olub. 44 halda jurnalist haqlı olub, 40 halda onlara xəbərdarlıq edilib, 15 halda isə ciddi xəbərdarlıq edilib. 38 halda şikayət əhəmiyyətsiz hesab edildiyindən ona baxılmayıb. İki halda tərəflər mübahisəni özləri həll ediblər. Məhkəməyə isə hələ heç bir iş təqdim edilməyib.

- Biz türk jurnalistlərinin vəzifələrindən danışdıq, bəs onlar hansı hüquqlara malikdir?

- Ən əsas hüquqları - məlumat almaq hüququdur. Bu zaman heç bir maneə qoyulmur. Lakin, əksər ölkələrdə olduğu kimi, milli təhlükəsizliyə aid məlumatlar istisna edilir. Ali mətbuat şurası tərəfindən xüsusi mətbuat kartı verilir. Bu kart jurnalistlərə bütün mühüm və onları maraqlandıran tədbirlərdə, o cümlədən futbol oyunlarında da iştirak etmək, həmçinin avtomobil tıxacları zamanı ötüb keçmək hüququ verir. Bu gün 10 min jurnalist mətbuat kartının sahibidir. Onu almaq hüququnu qazanmaq lazımdır. Məktəbdən sonra jurnalistika sahəsində işləyənlərə bu kart 28 aydan sonra, ali məktəbi bitirdikdən sonra işləyənlərə isə - 12 aydan sonra verilir.

Xəbər lenti

Xəbər lenti