...

Aydın Mirzəzadə: "YAP-dan başqa heç bir partiya özünün maliyyəsi ilə bağlı cəmiyyətə hesabat vermir"

Siyasət Materials 28 İyul 2006 12:42 (UTC +04:00)

Cəmiyyətdə hər bir partiyanın haradan maliyyələşdiyi və maliyyəsinin hansı ünvanlara xərcləməsi barədə məlumat olmalıdır. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədr müavini Aydın Mirzəzadə "Siyasi partiyalar haqqında" qanunun yenidən hazırlanmasına münasibət bildirərkən qeyd edib.

A.Mirzəzadə vurğulayıb ki, partiyanın maliyyə məsələləri cəmiyyət üçün açıq olmalıdır: "Çox təəssüf ki, YAP-dan başqa heç bir partiya özünün maliyyəsi ilə bağlı cəmiyyətə hesabat vermir. Heç bir maliyyə hesabatı apara bilməyən partiyanın fəaliyyəti artıq şübhə doğurmalıdır".

Millət vəkili bildirib ki, bu qanun əlavə və dəyişikliklər edilməklə qəbul olunmalıdır: "1992-ci ildən bu yana cəmiyyətdə böyük dəyişikliklər baş verib. Ölkəmizin siyasi partiya quruculuğunda əldə etdiyi nailiyyətlər, hüquqi demokratik dövlət quruculuğunda möhkəmləndirdiyi dəyərlər yeni qəbul ediləcək bu qanunda öz əksini tapmalıdır. Bu qanın həm partiya sisteminin möhkəmləndirilməsinə kömək göstərməlidir, həm də vətəndaşın seçmək və seçilmək hüququnun kifayət qədər geniş əhatə etməlidir".

A.Mirzəzadə qeyd edib ki, qanun mütərəqqiyə doğru getməlidir: "Sənəddə partiyanın qısa müddətdə qeydiyyatdan keçməsi prosesi də əksini tapmalıdır. Partiya qurmaq istəyən şəxs bilməlidir ki, hansı proseslərdən sonra təşkilatı qeydiyyata alına bilər. Partiyaların hansı orqan tərəfindən qeydiyyata alınması texniki məsələdir. Bu barədə Milli Məclis razılığa gələ bilər". Millət vəkili bildirib ki, Azərbaycanda fəaliyyət göstərən 50 partiyadan az bir qismi cəmiyyət tərəfindən tanınır: "Bu baxımdan bir sədd kimi qoyula bilər ki, məsələn, parlament seçkisində iştirak etməyən partiyanın qeydiyyatı ləğv olunmuş sayılsın. Partiya üzvləri, rəhbərliyi təşkilatın fəallığında maraqlı olmalıdır".

Xəbər lenti

Xəbər lenti