Bu gün Azərbaycan, güclü dövlət olaraq, sülh danışıqlarında iştirak edir ki, bundan artıq siyasi iradə gözləmək lazım deyil. Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 1-də Dağlıq Qarabağda Azərbaycan icmasının başçısı Nizami Bəhmənov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza ilə keçirdiyi görüşün yekununa görə jurnalistlərə verdiyi müsahibəsində bildirib.
"Törədilən vəhşilyə, cinayətlərə baxmayaraq, Azərbaycanın ərazi bütövlyü çərçivəsində muxtariyyət statusu verilirsə, bundan artıq hansı siyasi iradədən söhbət gedir. Bu, bizim üçün aydın olmayan məsələdir. Deyiləcək sözlər Azərbaycana yox, ancaq işğalçı Ermənistan tərəfinə ünvanlanmalıdır", - deyə N.Bəhmənov qeyd edib və ATƏT-in Minsk qrupunun prezidentlərə siyasi iradə çağırışına öz narazılığını bildirib.
N.Bəhmənov qeyd edib ki, o, həmçinin Xankəndində separatçı, qondarma rejim bayrağı altında M.Brayzanın danışıqlar aparmasına dair öz narazılığını bildirib. Dağlıq Qarabağın Azərbaycan icmasının başçısının fikrincə, bu, erməni tərəfi üçün reklam xarakteri daşıyır və müvafiq fotoşəkillər artıq əksər internet-resurslarda yerləşdirilib. "O, bu hədələri qəbul edib, lakin, mövzudan yayınaraq bəyan edib ki, öz səlahiyyətləri çərçivəsində bu cür görüşlər keçirməlidir. Biz isə ona izah etdik ki, görüşün rəsmi kabinetdə bayraq altında keçirilməsi zəruri deyil, görüş başqa yerdə də keçirilə bilər", - deyə o əlavə edib.
M.Brayza görüşdə bildirib ki, bölgəyə səfər zamanı tərəflərin fikrini öyrənir və bu məsələləri, həmçinin ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə Parisdə məsləhətləşmələr zamanı Ermənistan və Azərbaycan XİN başçılarının növbəti görüşünün keçirilməsini müzakirə edəcək. "O bildirib ki, Ermənistan rəhbərliyinin sülh danışıqlarının davam etdirilməsi üçün yeni təklifləri, siyasi iradəsi var", - deyə N.Bəhmənov amerikalı diplomatın sözlərinə istinadən qeyd edib.