...

Ombudsman E.Süleymanova: "İntihar edən Əlihüseyn Şalıyevin incidilməsindən söhbət gedə bilməz"

Siyasət Materials 25 Avqust 2006 13:50 (UTC +04:00)
Ombudsman E.Süleymanova: "İntihar edən Əlihüseyn Şalıyevin incidilməsindən söhbət gedə bilməz"

"İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamentinin keçmiş rəhbəri Əlihüseyn Şalıyevin xəstəxanada intihar etməsinə onun incidilməsi səbəb ola bilməz". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.

Qeyd edək ki, İİN departamentinin keçmiş sədri, 2005-ci ilin noyabrında həbs olunmuş Əlihüseyn Şalıyev müalicə olunduğu Ədliyyə Nazhirliyinin xəstəxanasında ötən gün intihar edib. Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonra Ə.Şalıyevin də barəsində cinayət işi açılaraq məsuliyyətə cəlb olunub.

Ombudsman Elmira Süleymanova bildirib ki, Əlihüseyn Şalıyevin intiharı ilə bağlı Ədliyyə Nazirliyi də təhqiqat işi aparır. Ombudsman qeyd edib ki, məhbus ölümündən əvvəl məktub yazıb qoyub və ölümündə heç kəsi təqsirləndirməməyi xahiş edib: "Biz də bu hadisəni nəzarətdə saxlayırıq. Ombudsman Aparatı insan hüquqları baxımında məhbusların durumu ilə maraqlanır. Həmin şəxs Milli Təhlükəsizlik Nazirliyində saxlanılırdı, sonradan səhhəti ilə əlaqədar Ədliyyə Nazirliyinin xəstəxanasına köçürülüb".

Ombudsman intiharın səbəbləri arasında ona qarşı təzyiqlər edilməsi ehtimalına münasibət bildirərkən deyib ki, sabiq departament rəhbərinin saxlandığı yerdə incidilməsi mümkün deyil: "Mən bunu tam cavabdehliyimlə deyirəm ki, ona qarşı hər hansı işgəncədən söhbət gedə bilməz. Bəzi təşkilatlar çalışırlar ki, belə halları məhbuslara qarşı təzyiq, işgəncələrlə əlaqələndirsinlər. Ancaq orada incidilmədən söhbət gedə bilməz. Çünki mən Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında da onlarla müntəzəm olaraq görüşmüşəm. Hesab eidrəm ki, intiharın səbəbləri istintaq nəticəsində müəyyən olunacaq"-deyə E.Süleymanova bildirib.

Xəbər lenti

Xəbər lenti