...

AMİP Dövlət Əmlak Komitəsi qarşısında aramsız piketlər planlaşdırıb

Siyasət Materials 30 Avqust 2006 12:47 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) gələn həftədən qərargahla təmin olunmadığı üçün Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi qarşısında piketlər keçirəcək. Bu barədə Trend ə AMİP təşkilat katibi Nazim Ələsgərov bildirib.

Qeyd edək ki, müxalifətyönlü AMİP Azadlıq prospekti 179 ünvanda yerləşdiyi qərargahdan 2001-ci ilin iyul ayında çıxarılıb. Bu məsələ ilə bağlı iki il məhkəmə çəkişməsi olub. O vaxtdan AMİP müxtəlif ünvanlarda qərargah icarələyib. Partiyanın qərargahla təmin olunması məqsədilə İqtisadi İnkişaf Nazirliyinə edilən müraciətə iyulun 24-də cavab verilib. Nazirlikdən bildiriblər ki, müraciət baxılmaq üçün Dövlət Əmlak Komitəsinə göndərilib. Onu da bildirək ki, AMİP məsələ ilə bağlı iyulun 17-də İqtisadi İnkişaf Nazirliyinə, iyulun 19-da isə dövlət başçısına müraciət edib.

N.Ələsgərov qeyd edib ki, onlar bu həftə Dövlət Əmlak Komitəsindən cavab gözləməyə qərar veriblər: "Əgər müraciətlərimiz müsbət cavablanmasa onda adıçəkilən komitə qarşısında aramsız piketlər keçirəcəyik".

Onu da bildirək ki, AMİP 1992-ci ilin iyununda yaradılıb. Etibar Məmmədov partiyanın 2005-ci il fevralda keçirilən qurultayında sədrlikdən istefa verib. Həmin qurultayda o, partiyanın lideri elan olunub. Partiyanın 2006-cı il iyunun 25-də keçirilən növbəti qurultayında isə E.Məmmədov yenidən partiyanın lideri elan olunub. Ayaz Rüstəmov isə partiyanın sədri seçilib. AMİP 50-dən çox dövlətin təmsil olduğu Beynəlxalq Demokrat İttifaqının üzvüdür. Bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti