Sentyabrın 12-də Müsavat Partiyası rayon təşkilatları sədrlərinin toplantısı keçirilib. Bu barədə Trend ə Müsavat Partiyası mətbuat xidmətindən bildiriblər.
Toplantı partiyanın sentyabrın 23-ə təyin etdiyi mitinqə hazırlıq məsələlərinə həsr olunub. Müsavat başqanının müavini, Mitinq Komitəsinin sədri Arif Hacılı çıxış edərək yürüş-mitinqə hazırlıq məsələləri ilə bağlı məlumat verib. A.Hacılı aksiya öncəsi rayon təşkilatlarında Şura iclaslarının keçiriləcəyini və bu yığıncaqlarda partiya funksionerlərinin də iştirak edəcəyini bildirib.
Toplantıda partiya başqanı İsa Qəmbər çıxış edib. O, 23 sentyabr mitinqinə icazə verilməsə, mübarizənin hüquqi müstəvidə davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, Müsavat Partiyası sentyabrın 23-də saat 16.00-dan 19.00-dək metronun "20 Yanvar" stansiyası - "Qələbə" meydanı marşrutu üzrə mitinq-yürüş keçirməyi qərara alıb. Bununla bağlı Bakı meriyasına məktub ünvanlayan partiyanın planlaşdırdığı mitinqdə sosial problemlər qabardılacaq.