Sentybarın 8-dən Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Gənclərə Qayğı Baş sədrliyinin nümayəndə heyəti sentyabrın 14-də Şəki və Qəbələdə görüşlər keçirəcək. Bu barədə Trend ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov bildirib.
Səudiyyə Ərəbistanı nümayəndə heyəti Şamaxı, Gəncə və Sabirabadda məskunlaşan məcburi köçkünlərlə görüşüb, İçərişəhərlə tanşı olub, Milli Olimpiya Komitəsində, Heydər Əliyev Fondunda olub, gənclər və idman naziri Azad Rəhimovla görüşüblər. Qonaqların Bakı Dövlət Universitetində görüşləri planlaşdırılıb.
Qeyd edək ki, qonaqların Azərbaycana səfəri sentyabrın 17-dək davam edəcək.
R.Abbasov onu da bildirib ki, Azərbaycanda səfərdə olan Türkiyənin Karabük Gənclik Mərkəzinin nümayəndə heyəti sentyabrın 14-də nazir Azad Rəhimovla görüşəcək. Daha sonra isə qonaqlar Türkiyənin Azərbaycandakı səfirliyində olacaqlar və Atatürk Mədəniyyət Mərkəzində dəyirmi masa keçirəcəklər. Türkiyəli qonaqların səfəri sentyabrın 19-da başa çatacaq. Onu da bildirək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Türkiyə Cumhuriyyətinin Karabük Gənclik Mərkəzi ilə birgə gənclərin mübadilə layihəsini həyata keçirir.