Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Güney Azərbaycan məsələsinin İsveç Parlamentində müzakirəsinə nail olmağa çalışır. Bu barədə Trend ə AMİP-in baş katibi Fuad Muxtarov məlumat verib.
O qeyd edib ki, İsveçin yeni seçiləcək parlamentində Güney Azərbaycanla bağlı müzakirələr aparılfmsı üçün danışıqlar aparılıb. Qeyd edək ki, sentyabrın 17-də İsveçdə parlament seçkiləri keçirilib. AMİP-in danışıqlar apardığı İsveçin siyasi partiyalarının nümayəndələri seçkidən sonra yeni tərkibli parlamentdə Güney Azərbaycan məsələsinin müzakirəyə çıxarılacağını vəd veriblər.
"Biz İsveç parlamentinin köhnə tərkibdə iclaslarında müzakirələr keçirilməsini istəyirdik. Lakin bizə bildirdilər ki, artıq parlament fasilədədir və yeni seçki keçiriləcək. AMİP İsveçin Moderat Partiyası ilə əməkdaşlıq edir. Bu partiya indiyədək İsveç parlamentində ana müxalifət hesab olunurdu. Hazırda isə bir sıra partiyarla birgə koalisiyalarda təmsil olunur. Moderat Partiyasının funksioneri xanım Evo Qustavsonla yazışmalarımız olub, o, bizi əmin edib ki, Güney Azərbaycan məsələsinin yeni paralmentdə müzakirəyə çıxarılmasına çalışacaq"-deyə Fuad Muxtarov bildirib.
Qeyd edək ki, İsveçin Moderat Partiyasından olan deputat Qoran Lenmarker hazırda ATƏT-in Parlament Assambleyasının sədri, ATƏT-in Dağlıq Qarabağ problemi üzrə məruzəçisidir. Qoran Lenmarker həmçinin AMİP-in də təmsil olunduğu Beynəlxalq Demokrat İttifaqında siyasi auditordur.
AMİP isə 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan, hazırda müxalif mövqedə olan partiyadır. AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.