...

Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun II iclasına hazırlıq noyabrda Brüsseldə aparılacaq

Siyasət Materials 21 Sentyabr 2006 12:06 (UTC +04:00)

Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun dekabrda Dubayda keçiriləcək II plenar iclasına hazırlıq iclası noyabrda Brüsseldə olacaq. Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın LİNKS (Dövlət Quruculuğu və Konfliktlərin Həlli üzrə London İnformasiya Şəbəkəsi) təşkilatının icraçı direktoru Denis Sammut bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın LİNKS təşkilatının təşkilatçılığı ilə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun I plenar iclası iyulun 20-24-də Londonda keçirilib.

Dekabrda Dubayda planlaşdırılan II plenar iclasda konkret olaraq, nəqliyyat, bank və ekoloji sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

D.Sammut qeyd edib ki, Avropa Birliyi də Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun plenar iclaslarına cəlb olunub. O, Avropa Birliyi ilə bu sahədə əməkdaşlığın vacibliyini bildirib.

"Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupu gələcəkdə Parlament Assambleyasına çevrilə bilərmi" sualımızı cavablandıran D.Sammut bildirib: "Bu gündəmdə olan məsələdir. Lakin bunu dəqiq şəkildə idda etmək bir qədər çətindir. Bu məsələ prosesin gedişində, danışıqlarda üzə çıxacaq".

Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupu 2003-cü il mayın 13-də üç Cənubi Qafqaz ölkəsi arasında yaradılıb.

Xəbər lenti

Xəbər lenti