Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək hüququna malikdir. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın sentyabrın 29-da keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağla bağlı söylədiyi fikrlərə münasibət bildirərəkən qeyd edib.
Bildirək ki, mətbuat konfransaında V.Oskanyan Dağlıq Qarabağ məsələsində Azərbaycanın hərb yoluna üstünlük verəcəyi təqdirdə cavabsız qalmayacağı və Ermənistan tərəfindən Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin olunacağı və s. məsələlər barədə fikirlər söyləyib.
M.Qurbanlı bildirib ki, Azərbaycan ordusu Dağlıq Qarabağ əhalisi ilə vuruşmur, orada işğalçı qismində iştirak edən Ermənistanın işğalçı ordusu ilə vuruşur: "Oskanyan bununla demək istəyir ki, guya Ermənistan kənardan durub prosesləri izləyir. Əslində Dağlıq Qarabağdakı hərbi birləşmələr Ermənistanın işğalçı ordusudur. Azərbaycan bu məsələni hərbi yolla həll edərsə, Ermənistan ordusunu oradan vurub çıxarmaq və Dağlıq Qarabağda yaşayan ermənini də həmin işğalçı ordunun əsarətindən azad etmiş olacaq".
Millət vəkili V.Oskanyanın harada və necə danışmasından asılı olmayaraq Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək hüququnda olduğunu bildirib: "Bu, BMT-nin nizamnaməsi ilə verilən hüquqdur. Dövlətimizin başçısı məsələnin sülh yolu ilə həllini prioritet götürüb. Hərbi yol isə o zaman seçiləcək ki, sülh yolu tam tükənmiş olsun. Hələ danışıq imkanı tam tükənmədiyindən Azərbaycan məsələni qan tökmədən həll etmək istəyir. Oskanyanın mənasız fikirlər söyləməsi isə məsələnin sülh yolu ilə həllinə mane olur".