"İrəli" Ümumrespublika Gənclər Hərəkatı (ÜGH) ilə Rusiyanın hakim "Edinaya Rossiya" Partiyasının Gənclər Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanıb. Bu barədə Trend ə adıçəkilən hərəkatın təsisçilərindən olan Fərhad Məmmədov bildirib.
Onu da bildirək ki, 30 sentyabr - 2 oktyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun dəvəti ilə Bakıda olan Rusiyanın hakim "Edinaya Rossiya" Partiyasının Gənclər Təşkilatının sədr müavini, eyni zamanda Rusiya Federasiyasının Gənclər Təşkilatları İttifaqı Mərkəzi Şurasının sədr müavini Aleksey Lyubtsov "İrəli" hərəkatına əməkdaşlıq haqqında sazişin imzalanmasını təklif edib.
1 oktyabrda "İrəli" ÜGH-in qərargahında Rusiya Federasiyasının Gənclər Təşkilatlarının İttifaqı və "İrəli" arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Rusiya tərəfindən RFGTİ MŞ-nın sədr müavini A. Lyubtsov, Azərbaycan tərəfindən "İrəli" həmtəsisçisi Röya Talıbova imzalayıblar. Saziş əsasən hər iki təşkilatın birgə layihələrinin həyata keçirilməsi, iki ölkə arasında olan humanitar əlaqələrin güclənməsi istiqamətində fəaliyyətin aparılmasını nəzərdə tutur.
Rusiya tərəfinin dəvəti ilə "İrəli" ÜGH dekabr ayının əvvəlində Moskvada keçiriləcək gənclər festivalına geniş nümayəndə heyəti ilə dəvət alıb.