Azərbaycan və Latviya arasında İlham Əliyevin Riqaya rəsmi səfəri çərçivəsində bu gün altı hökümətlərarası saziş imzalanıb. Trend ANS telekanalına istinadən xəbər verir ki, iki ölkə başçıları həmçinin Birgə bəyannamə də imzalayıblar.
Sazişlər iki ölkənin rabitə və informasiya-kommunikasiya texnologiyaları, maliyyə, təhsil və səhiyyə sahələrini əhatə edir.
Qeyd edək ki, bu gün Azərbaycanın dövlət başçısı Riqanın mərkəzinə gələcək və burada Azadlıq abidəsinə gül qoyacaq. O, həmçinin Latviyanın baş naziri Ayqar Kalvitis, parlamentin spikeri İnqrida Udre ilə görüşəcək və Latviya dövlət universitetində olacaq.
Oktyabrın 5-də biznes-forum təşkil olunacaq və burada Azərbaycan və Latviyanın biznes dairələrinin nümayəndələri iştirak edəcəklər. Forum zamanı həmçinin bir sıra sənədlərin imzalanacağı da gözlənilir.