...

Bu gün Azərbaycanda 603 bələdiyyəyə seçkilər keçirilir

Siyasət Materials 6 Oktyabr 2006 09:10 (UTC +04:00)

Bu gün - oktyabrın 6-da Azərbaycanda bir sıra bələdiyyələrə təkrar, əlavə, yeni və ilk seçkilər keçirilir. Trend in məlumatına görə, səhər saat 08.00-da bütün seçki məntəqələri açılıb.

Seçkidə 4525 namizəd iştirak edir. Seçki keçiriləcək dairələrin sayı - 82, seçki məntəqələrinin sayı - 940, seçki keçiriləcək bələdiyyələrin sayı - 603, seçiləcək bələdiyyə üzvlərinin sayı - 1931, seçkidə iştirak edəcək seçicilərin sayı - 810 minə yaxındır. 164 bələdiyyə tam tərkibdə seçiləcək, 141 bələdiyyədə təkrar, 37-sində əlavə, 405 bələdiyyə üzrə yeni, 22 bələdiyyədə isə ilk dəfə seçki keçirilir.

Qeyd edək ki, seçki prosesinin əvvəlində bələdiyyə üzvlüyünə 4696 nəfər namizədliyini irəli sürmüşdü. Onlardan 4686 nəfəri imza vərəqi alıb, 4641 nəfəri seçki sənədlərini təqdim edib. 4638 nəfərin namizədliyi qeydə alınıb, 3 nəfərin namizədliyinin qeydə alınmasından imtina olunub. Sonradan 101 nəfər namizədliyini geri götürüb. Seçkilər təxirə salınmış bələdiyyədə namizədlərin sayı 11 nəfər olub. Beləliklə, hazırda 4525 namizəd bələdiyyə üzvlüyü uğrunda mübarizə aparır. Onlardan 239 nəfəri qadındır.

Seçkinin gedişini izləmək üçün MSK-da 179 nəfər, dairə seçki komissiyalarında 8425 nəfər yerli müşahidəçi qeydə alınıb. 32 nəfər beynəlxalq müşahidəçi seçkini izləyəcək. 451 nəfər isə namizədlər tərəfindən vəkil təyin edilmiş şəxslər qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzi bu gün aktiv və açıq fəaliyyət göstərəcək, səsvemədə iştirak edən seçicilərin fəallığına dair gün ərzində hər saatdan bir məlumatlar açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti