...

AMEA prezidenti hesab edir ki, Rusiya elmi bu gün də dünyada liderlik edənlərdəndir

Siyasət Materials 6 Oktyabr 2006 13:35 (UTC +04:00)

Rusiya elmi bu gün də dünyada liderlik edən elmlərdəndir. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Rusiyanın Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüşdə bildirib.

Onun sözlərinə görə, REA vitse-prezidenti Aleksandr Andreyevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda Rusiya İli çərçivəsində ölkəmizə gəlib.

AMEA prezidentinin sözlərinə görə, son illər iki ölkə arasında bütün sahələrdə sıx münasibətlər yaranır və bu münasibətlər prezidentlər tərəfindən dəstəklənir. O qeyd edib ki, bu xeyirxah münasibətlər iki ölkənin elmi ziyalıları arasında əlaqələrin inkişafı üçün yaxşı zəmin yaradır. M.Kərimov vurğulayıb ki, REA hər zaman bizim üçün elmin yeni zirvələrinə yol göstərən mayak olub.

Onun sözlərinə görə, Azərbaycan elmi kadrlar və elmi kəşflərin mübadiləsi sahəsində əlaqələrin möhkəmlənməsində maraqlıdır. M.Kərimov bildirib ki, bu məqsədlə əməkdaşlıq haqqında protokolun imzalanması planlaşdırılır.

"Biz bütün postsovet məkanında elmin taleyindən narahatıq", - deyə REA vitse-prezidenti Aleksandr Andreyev Azərbaycanın elmi cəmiyyəti ilə görüşdə bildirib. Onun sözlərinə görə, bizim ölkələrimizdə cəmiyyət, hakimiyyət və elm arasında münasibətlər çox oxşardır. "Bizim oxşar problemlərimiz var və onları bir yerdə həll etməliyik", - deyə akademik vurğulayıb. Onun sözlərinə görə, REA kadr hazırlığı və mübadiləsi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə, elmi əsərlər üzərində birgə işləməyə hazırdır. REA vitse-prezidenti vurğulayıb ki, alimlər arasındakı əlaqələr, şübhəsiz, iki ölkənin idraklarının qarşılıqlı münasibətlərinin inkişafına səbəb olacaq.

Xatırladaq ki, əvvəllər Rusiyanın nümayəndə heyətinə REA prezidenti Yuri Osipovun başçılıq edəcəyi planlaşdırılırdı. Lakin obyektiv səbəblərə görə onun Bakıya səfəri baş tutmayıb.

Xəbər lenti

Xəbər lenti