...

Azərbaycan Ali məhkəməsinin başçısı Avropalı həmkarları ilə görüşəcək

Siyasət Materials 25 Oktyabr 2006 13:27 (UTC +04:00)

Azərbaycan Ali məhkəməsinin sədri Ramiz Rzayev təxminən 40 Avropa ölkəsinin ali məhkəmə başçılarının oktyabrın 26 və 27-də Parisdə keçiriləcək görüşündə iştirak edəcək. Azərbaycan Ali Məhkəməsinin mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, R.Rzayev artıq Fransaya yola düşüb və orada 10 gün qalacaq.

Avropa Şurasının Fransanın Kassasiya məhkəməsi ilə birgə təşkil etdiyi konfrans "Ali Məhkəməyə giriş - tendensiyalar və perspektivlər" mövzusuna həsr olunub. Bu görüş zamanı Avropa Şurasının üzv-dövlətlərinin nümayəndələri təcrübə mübadiləsi edə bilər və yalnız ali məhkəmələrin fəaliyyətinə deyil, həm də ərizəçilərlə işin necə görülməsinə və onların bu işdən nə dərəcədə razı qaldıqlarına aid son nailiyyətləri müzakirə edə biləcəklər.

Konfransın açılışında Fransanın ədliyyə naziri Paskal Kleman çıxış edəcək. Konfrans çərçivəsində ali məhkəmələrin yeni informasiya texnologiyalarından necə istifadə edəcəkləri, ali məhkəmə səviyyəsində fəaliyyət göstərən hüquqi dəstək mexanizmlərinin əsassız vəsatətlərin verilməsinə uyğun olub-olmaması, ali məhkəmələrə müəyyən sahədə ixtisaslaşan hüquqşünasların lazım olub-olmaması, ədalət hüququnu məhdudlaşdırmadan işlərin seçim imkanının mövcud olub-olmaması, ərizəçilərin məhkəməyə etdikləri müraciətlərdən razı qalıb-qalmadığını və onların təmin olunma səviyyəsini qiymətləndirməyin məqsədəuyğun və mümkün olub-olmamasına həsr olunmuş bir sıra dəyirmi masalar keçiriləcək.

Oktyabrın 26-da Avropa Şurasının hüquqi məsələlər üzrə Baş direktoratının rəhbəri Gi de Vel münsiflər heyətinin iştirakı ilə Avropa məhkəmələrində mülki mühakimə üsulunun təkmilləşdirilməsi sahəsində yenilik gətirən fəaliyyətə görə təltif olunan "Ədalətin büllur tərəziləri" Avropa mükafatını təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti