Azərbaycan və Gürcüstanın parlamentlərarası əlaqələri inkişaf edir. Trend xəbər verir ki, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə vurğulayıb.
Spiker bildirib ki, Azərbaycanla Gürcüstan arasında əlaqələr bütün sahələr üzrə inkişaf etməkdədir: "Biz GUAM çərçivəsində də sıx əməkdaşlıq edirik. GUAM artıq nüfuzlu beynəlxalq təşkilata çevrilməkdədir. Onun gələcəkdə daha da genişlənməsi və inkişaf etməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik".
Sonra Oqtay Əsədov Gürcüstan parlamentinin sədri ilə keçirdiyi görüşləri xatırladaraq bu görüşlərdən sonra iki ölkənin parlamentlərarası əlaqələrinin daha da inkişaf etdiyini, deputatlarımızın beynəlxalq təşkilatlarda mövqelərinin daha da yaxınlaşdığını diqqətə çatdırıb.
Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili Azərbaycana hər gəlişində sürətli inkişafın şahidi olduğunu və bundan məmnun qaldığını bildirib. O, ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənməsindən razılığını bildirib. Qonaq qeyd edib ki, GUAM-ın nüfuzu həqiqətən də artmaqdadır: "Biz bu sahədə, eləcə də beynəlxalq təşkilatlarda fəaliyyətimizi daha da intensivləşdirməli, səylərimizi artırmalıyıq".