"Rəsul Quliyevin yeni qurum yaratması onun öz mövqeyi ilə ziddiyyət təşkil edir". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib.
Qeyd edək ki, ADP sədri Rəsul Quliyevin yaratdığı Azərbaycanda Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyətin Azərbaycan üzrə bölməsinin təsis olunacağı, bununla əlaqədar artıq təşkilat komitəsi də yaradılması barədə məlumatlar yayılıb. S.Cəlaloğlu deyib ki, bu qurumun Azərbaycan üzrə bölməsinin yaradılmasına ehtiyac yoxdur: "Məndə olan məlumata görə, bəzi şəxslər bu qurumun ADP-nin fəaliyyətinə kömək məqsədilə yaradıldığını deyir. Amma əslində bu təşəbbüsün nədən qaynaqlandığından xəbərsizəm. Faktiki olaraq bu məsələ Rəsul Quliyevin özünün mövqeyi ilə ziddiyyət təşkil edir. Çünki o özü Azərbaycanda belə bir qurumun yaradılmasına ehtiyac olmadığını bildirmişdi. Ona görə bu qurum elə ADP-nin özüdür"-deyə S.Cəlaloğlu qeyd edib.
Onun sözlərinə görə, ADP funksionerlərindən heç kəs Rəsul Quliyevin yaratdığı qurumun təşkilat komitəsində təmsil olunmur: "Təşkilat komitəsinin yaradılması Rəsul Quliyevin məqsədlərinə ziddir".