...

"Seçki komissiyaları müstəqil espertlərdən formalaşdırılmalıdır" - Venesiya Komissiyasının baş katibi ilə müsahibə

Siyasət Materials 10 Noyabr 2006 17:27 (UTC +04:00)
"Seçki komissiyaları müstəqil espertlərdən formalaşdırılmalıdır" - Venesiya Komissiyasının baş katibi ilə müsahibə

Trend in Venesiya Komissiyasının baş katibi Canni Bukikkio ilə eksklüziv müsahibəsi

- Venesiya Komissiyası və Azərbaycan hökuməti arasında müzakirə olunan əsas məsələlərdən biri ölkənin Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlıdır. Öz növbəsində, Azərbaycan müxalifəti təkid edir ki, seçki komissiyalarının tərkibi paritet əsasda formalaşdırılmalıdır. Siz bu məsələnin həllini nədə görürsünüz?

- Seçki Komissiyalarının tərkibi ilə bağlı məsələ təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də mühümdür. İdeal variantda paritet olmalıdır. Ancaq seçki komissiyalarının müstəqil ekspertlərdən formalaşdırılması daha ideal olardı. Demokratiyanın inkişaf etdiyi ölkələrdə məhz bu variantdan istifadə olunur.
Əlbəttə, bunu demokratiyanın gənc olduğu ölkələrdə gerçəkləşdirmək asan deyil. Buna görə də biz bütün tərəfləri qane edən ən yaxşı qərar qəbul etməyə çalışırıq. Biz qarşıdakı həftə və aylar ərzində Azərbaycandan olan ekspertlərlə bunun üzərində işləyəcəyik.

- Siz bəyan etmisiniz ki, Strasburqda görüş keçirməyi planlaşdırırsınız. Bu görüş konkret olaraq nə zaman baş tutacaq və orada kim iştirak edəcək?

-Biz 6-10 dekabr tarixləri arsındakı dövrdə Strasburqda görüş keçirəcəyik. Görüşdə Venesiya Komissiyasının Macarıstandan və Latviyadan olan məruzəçiləri, ATƏT nümayəndələri iştirak edəcək. Çünki biz bu işi Azərbaycan hökuməti və ATƏT-lə birlikdə aparırıq. Görüşdə Azərbaycan hökumətini prezidentin İcra Aparatının Qanunvericilik və Hüquqi Ekspertiza şöbəsinin müdiri Şahin Əliyev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər ekspertlər təmsil edəcək.

- Venesiya Komissiyası müzakirə olunan "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunla bağlı şərhlərini Azərbaycan hökumətinə təqdim etdikdən sonra hökumət orqanları aksiyaların keçirilməsi üçün əlavə yerlər ayırdıqları barədə bildirib. Siz bu addımı necə qiymətləndirirsiniz?

-Sərbəst toplaşmaq azadlığı hər bir şəxsin əsas azadlığıdır. Bu hüququn tam şəkildə nizamlandığı ölkələr azdır. Ancaq gənc demokratiyanın mövcud olduğu ölkələrin qanunlarında bu hüquq daha dərindən açılır. Aksiya keçirənlər üçün şəraitin yaradılması ilə bağlı bəzi mühüm məsələlər təkmilləşdirilməlidir. Azərbaycanda 1998-ci ildə qəbul olunmuş "Sərbəst toplaşmaq azadlığı" haqqında qanun mövcuddur. Fikrimizcə, bu qanun olduqca müfəssəldir. Qanunda çox yaxşı müddəalar var. Burada deyilir ki, mitinqçilər aksiya keçirmək üçün xüsusi icazə almamalıdır. İcra orqanlarına müraciət etmək kifayətdir. Fikrimcə, bu, sizin qanunun çox yaxşı müddəasıdır və Avropa standartlarına cavab verir.
Bununla yanaşı, formal xarakter daşıyan bəzi müddəalar da mövcuddur. Məsələn, texniki səbəblərlə əlaqədar aksiyanın keçirilmə tarixinin başqa günlərə təyin olunması. Bu məqamı yenidən nəzərdən keçirmək və müvafiq dəyişikliklər etmək lazımdır.
Aksiyaların keçirilməsi üçün Azərbaycan hakimiyyət orqanları tərəfindən xüsusi yerlərin ayrılması faktı bizim üçün problem təşkil edir. Çünki Avropa standartları aksiyaların şəhərin mərkəzində keçirilməsinə də icazə verir. Əgər siz bütün aksiyaları şəhər mərkəzindən uzaqda və ya şəhərdən kənarda keçirsəniz, sizi heç kim eşitməyəcək. Eyni zamanda sərbəst toplaşmaq azadlığı hüququnun və ictimai asayişin qorunmasının təmin olunması məsələsində balansa riayət edilməlidir. Azərbaycan hökuməti ilə apardığımız danışıqlarda məqsəd bu iki prinsip arasında balans tapmaqdan ibarətdir. Sonda qeyd etmək istəyirəm ki, ən vacib məsələ qanunun tətbiq olunmasıdır.

- Səfərinizin yekunları üzrə Azərbaycanın rəsmi şəxsləri ilə görüşlərdə bu məsələ ilə bağlı hər hansı razılaşma əldə edə bildinizmi?

- Təfərrüatlara varmasaq da, mən bu məsələni Azərbaycan hökumət nümayəndələri ilə müzakirə etdim. Biz qərara gəldik ki, məsələ üzərində birlikdə işləyəcəyik. Dekabrın birinci yarısında Strasburqda görüş keçiriləcək. Burada biz həmin məsələni dərindən müzakirə edə və 1998-ci ildə qəbul olunmuş "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun daha da təkmilləşdirilməsinə nail ola biləcəyik.

Xəbər lenti

Xəbər lenti