...

Dövlət Komitəsinin əməkdaşları Bolqarıstanda Azərbaycan və türk diasporu ilə görüşlər keçiriblər

Siyasət Materials 15 Noyabr 2006 16:50 (UTC +04:00)
Dövlət Komitəsinin əməkdaşları Bolqarıstanda Azərbaycan və türk diasporu ilə görüşlər keçiriblər

Gələn il Bakıda keçiriləcək Azərbaycan-Türk diasporlarının birgə Forumuna hazırlıq məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri - Şərqi Avropa ölkələri şöbəsinin müdiri Dəyanət Abdullayev və şöbənin baş məsləhətçisi Vaqif Fətullayev Bolqarıstanda ezamiyyətdə olublar. Bu barədə Trend ə Dəyanət Abdullayev məlumat verib.

O, Bolqarıstana səfərin məqsədlərindən danışarkən bildirib ki, bu ölkdə bir milyondan artıq türk əsilli vətəndaş yaşayır, türklərin çoxlu sayda təşkilatları fəaliyyət göstərir, həmçinin Bolqarıstan parlamentində 34 türk əsilli deputat təmsil olunur. Bu ölkədə 3 dövlət naziri, baş nazirin birinci müavini, parlamentin sədr müavini və digər rəsmi şəxslər də milliyyətcə türklərdir. Həmçinin Bolqarıstanda yüzlərlə azərbaycanlı yaşayır: "Gələn ilin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-türk diasporlarının birgə Forumu ilə bağlı Azərbaycan və Türkiyənin birgə fəaliyyət konsepsiyasının hazırlanması üçün bir sıra görüşlər keçirdik. Bolqarıstanın Şumen şəhərində "Balkan" Türk Dərnəyində olduq, bu qurumun fəaliyyəti ilə bizi tanış etdilər. Həmçinin Bolqarıstanın Razqrad, Krjali, Varna, Plovdiv, Burqas, Blaqoyevqrad, Silitra və digər şəhərlərinə də səfərlər etdik. Bu şəhərlərdə Azərbaycan və türk dərnəklərində görüşlər keçirdik"-deyə D.Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Krjali və Razqrad şəhərlərində iki türk musiqili dram teatrı fəaliyyət göstərir. Dövlət Komitəsi nümayəndələri onları Bakıda fəaliyyət göstərən teatrlarla əlaqələndirməyə səy göstərəcəklərini bildiriblər. D.Abdullayevin sözlərinə görə, artıq Krjali teatrı ilə Bakı Bələdiyyə Teatrı arasında əlaqə qurulmasına nail olublar.

Bloqoyevrad şəhərində isə Amerika Universitetlərində təhsil alan azərbaycanlı tələbələrin yaratdığı Bolqaıstan-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Dövlət Komitəsinin nümayəndələri bu cəmiyyətlə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər. Komitə əməkdaşları həmçinin Şumen şəhərində olarkən orada litsey müəlliməsi olan, İtaliyada, Bolqrastanda beynəlxalq müsabiqələrin laureatı olmuş müğənni Nərgiz Səidova ilə görüşüblər. Bu şəhərdə Şumen Azərbaycanlıları Cəmiyyətinin yaradılması məsələsini müzakirə ediblər və bununla bağlı razılığa gəlinib.

D.Abdullayev deyib ki, eyni zamanda Bolqarıstanın Krjali şəhərində də azərbaycanlıların cəmiyyətinin yaradılması planlaşdırılır: "Ümumiyyətlə, Bolqarıstanda yaşayan azərbaycanlıların əksəriyyəti ziyalılar, alimlər, pedaqoqlardır. Biz müxtəlif şəhərlərdə yaşayan azərbaycanlı ziyalılarla görüşdük".

Paytaxt Sofiyada da bir sıra görüşlər keçirilib. Dövlət Komitəsinin əməkdaşları Bolqarıstan parlamentinin türk mənşəli deputatları - Bolqarıstan-Azərbaycan Paralmentlərarası Dostluq Qrupunun üzvü Yunal Tasim, Bolqaıstanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Çətin Kazak, millət vəkilləri Əhməd Hüseyn, Mətin Süleymanov və digərləri ilə görüş keçirilib. Həmçinin Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Bolqarıstandakı səfirləri ilə də müzakirələr aparılıb. D.Abdullayev qeyd edib ki, Bolqarıstanda fəaliyyət göstərən 500-dən çox tükr firması var və Türkiyənin Bolqarıstandakı səfiri Mehmet Kiçik onlardan bir qrupunun gələn il Bakıda keçiriləcək Forumda iştirakını təmin edəcəyinə vəd verib. Komitə nümayəndələri Bolqarıstanda çıxan türk qəzetlərində də qonaq olublar.

D.Abdullayev əlavə edib ki, keçirdikləri bütün görüşlər Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin köməkliyi ilə baş tutub, səfir Elman Zeynalov bu işdə onlara yardımçı olub.

Xəbər lenti

Xəbər lenti