...

"Trend" daha üç yeni agentlik yaradır

Siyasət Materials 22 Noyabr 2006 13:58 (UTC +04:00)
"Trend" daha üç yeni agentlik yaradır

Yaxın günlərdə Trend informasiya agentliyinin bir neçə yeni layihəsi fəaliyyətə başlayacaq. Agentliyin böyük informasiya portalı yaradılır və həmin portal mərhələlərlə müxtəlif saytlarla təmin ediləcək. Yeni internet səhifələri yaranacaq - informasiya və xüsusi iqtisadi. "Trend Life" işçi adı altında cəmiyyətin həyatı, mədəniyyət, şou-biznes, dəb, sağlamlıq, kulinariya və s. haqqında xəbərlərlə tamamilə yeni layihə təqdim olunacaq. Artıq agentliyin İnternet -forumu (forum.trendAz.com) fəaliyyət göstərməyə başlayıb. Agentliyin peşəkar fotoqraflarının işlərinin yerləşdiriləcəyi fotosayt da hazırlanır.

Agentliyin direktoru İlqar Hüseynov:

Birincisi, "Azərbaycanın kütləvi informasiya vasitələri" nominasiyasında "2006-cı ilin ən yaxşı şirkəti" nüfuzlu milli biznes-mükafatla təltif olunması münasibətilə Trend in kollektivini ürəkdən təbrik etmək istərdim. Hesab edirəm ki, bu, layiqli uğurdur və bizdən səylərimizi daha çox səfərbər etməyi, daha çox iş tələb edir. Agentlik artıq 11 ildir ki, fəaliyyət göstərir və bu dövr ərzində Trend məktəbindən indi ölkədə tanınan bir çox jurnalistlər keçib. Və bu gün agentlikdə çox böyük potensiala malik kifayət qədər peşəkar kollektiv çalışır. Mən komandamızın parlaq gələcəyinə inanıram.

Hazırda agentliyin fəaliyyətinin kökündən dəyişdirilməsi prosesi başa çatır. Söhbət yeni iş konsepsiyasından, yeni yanaşmalardan gedir.

Müasir dünya tendensiyalarının təhlili göstərir ki, hələ bu yaxınlarda televizora baxan, qəzet və jurnallar oxuyan insanlar getdikcə vaxtlarının çox hissəsini İnternetə ayırırlar. Sonuncu dəfə təxminən bir ay əvvəl Almaniya "Doyçbank"ın ekspertləri bu mövzuda tədqiqatlar aparıblar. Və onlar təsdiq ediblər: insan orta hesabla gündə beş dəqiqə daha az qəzet oxumağa, daha az televizora baxmağa və demək olar ki, 10 dəqiqə çox Ümumdünya şəbəkəsində vaxt keçirməyə başlayıb. Bizim ölkəmizdə, ola bilər ki, rəqəmlər belə deyil, lakin mən əminəm ki, tendensiya eynidir. Axı biz həm cəmiyyətəmizin xüsusiyyətlərini, həm də xaricdə baş verənləri nəzərə alırıq, çünki bizim informasiyamızdan istifadə edənlərin xeyli hissəsi oradadır.

Agentliyin fəaliyyətinin yeni konsepsiyası bütün bu tendensiyaları nəzərə almaqla hazırlanıb. Bu gün Trend - xaricdə də şaxələnmiş müxbir şəbəkəsinə malik informasiya agentliyidir. Bizim bir çox jurnalistlərimiz öz sahələrində liderdirlər və biz xəbərlər xidmətinin ustalığını cilalamaqda davam edirik. Lakin bununla yanaşı biz agentliyin fəaliyyətinin yeni istiqamətlərinin hazırlanması haqqında qərar qəbul etmişik və bu istiqamətdə İnternet istifadəçilərinin daha geniş dariəsinin maraqlarını nəzərə almaq fikrindəyik. Trend in yeni portalında hər şey haqqında oxuya bilərsiniz. Biz agentliyin fəaliyyətinin reklam tərkibinin inkişafında maraqlıyıq və bu, öz növbəsində, bizim inkişafımızı maliyyə cəhətdən möhkəmləndirəcək. Yəni Trend agentliyi öz fəaliyyət sahəsini xeyli genişləndirir və öz işini informasiya texnologiyaları bazarının inkişafının müasir tendensiyalarına müvafiq şəkildə qurmağa başlayır. Bütün yeni layihələri biz əsaslı şəkildə işləyib hazırlayırıq, yeni redaksiyalar yaradılıb və ora təcrübəli menecer və jurnalistlər dəvət olunub. Yaxın gələcəkdə Trend daha bir neçə maraqlı, hələ anons edilməyən layihələr təqdim edəcək və bizim fikrimizcə, onların simbiozu qarşıya qoyulmuş məqsədlərə çatmağı sürətləndirəcək. Faktiki etiraf etmək olar ki, Trend daha üç yeni agentlik yaradır. Biz əminik ki, struktur dəyişiklikləri agentliyin informasiyasının yayılma coğrafiyasının xeyli genişləndirilməsinə imkan yaradacaq.

Dünya praktikasına qayıdaraq, aşağıdakı mühüm tendensiyanı qeyd etməyə bilmərəm: bu gün qabaqcıl KİV-lərdə menecment və peşəkar jurnalistika bir-birindən dəqiq surətdə ayrılıb və məhz menecerlər istehlakçılara hansı malın, bu halda - informasiyanın tədarük olunmalı olduğuna qərar verir. Belə yanaşma kəskin rəqabət şəraitində üstünlüyün əldə olunmasını təmin edir və biz onun inkişaf dinamikasının təmin olunmasında daha mühüm aspekt olduğunu hesab edirik.

Biz öz fərdi inkişaf strategiyamızı seçmişik və dəqiq surətdə təsəvvür edirik ki, məqsədə çatmaq üçün müvafiq səviyyəyə malik, bir neçə xarici dil bilən jurnalist kollektivi hazırlamaq, informasiyanın verilmə formasını, onun məzmununu təshih etmək, genişlənməkdə olan xarici müxbir şəbəkəsi ilə iş təcrübəsi toplamaq və nəhayət, kollektivi qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün yönəltmək və bu mövqedən qabaqcıl dünya KİV-ləri ilə tərəfdaşlıq münasibətləri yaratmaq zəruridir. Məqsədimiz -daha çox beynəlxalq nüfuza nail olmaqdır.

Artıq bu gün Trend - bir çox keçmiş SSRİ ölkələrinin informasiya agentlikləri arasında müstəqil reytinqlərin liderlərindən biridir. Kollektivin fəaliyyətinin digər qiyməti - agentlik məhsulunun xarici istifadəçilərinin sayının artması, qabaqcıl xarici KİV-lərin bizim materiallarımızdan istifadə etməsidir. Trend in jurnalistlərinin peşəkarlıqları sayəsində onların aktivlərində həm ölkə daxilində nazirlik və idarə rəhbərləri, qabaqcıl siyasətçilər, ictimai xadimlər, həm də bir çox xarici dövlətlərin prezidentləri, baş nazirləri, xarici siyasət idarələrinin rəhbərləri və nazirləri ilə çoxsaylı müsahibələr var.

Agentliyin kollektivi əmindir ki, layihələrimizin uğurla həyata keçirilməsi eyni zamanda ölkənin xaricdə də müsbət imicinin formalaşması üçün mühüm əhəmiyyətə malikdir. Bu gün xaricdə milli maraqların təbliğatı üçün çox işlər görülür və ilk növbədə məhz Azərbaycan KİV-ləri bu informasiyanı mükəmməl şəkildə dünya ictimaiyyətinə çatdırmalıdır. Bizim fikrimizcə, erməni, o cümlədən informasiya təcavüzünün qarşıdurması şəraitində beynəlxalq informasiya şəbəkəsində regional proseslərə məhz Azərbaycanın fikrinin yeridilməsi çox vacibdir.

Xəbər lenti

Xəbər lenti