...

Milli Məclis aparatının başçısı: Seçki komissiyalarının paritet əsaslarla təşkili – seçkilərin pozulması üçün ən qısa yoldur

Siyasət Materials 23 Noyabr 2006 15:22 (UTC +04:00)

Azərbaycanın Seçki Məcəlləsində dəyişikliklər ediləcək. Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclis aparatının başçısı Səfa Mirzəyev məlumat verib.

O qeyd edib ki, seçki prosesi özü özlüyündə çox mürəkkəb prosesdir və daim təkmilləşir. Azərbaycan tərəfinin bu məsələyə dair öz təklifləri var, təkliflər Venesiya komissiyasının ekspertləri ilə müzakirə olunur və nəticədə, hamının razılığı əsasında qərar qəbul olunacaq. S.Mirzəyev əlavə edib ki, Azərbaycan tərəfinin təklifləri əsasən seçki prosesinin təkmilləşdirilməsi, dərk edilən və dərk edilməyən pozuntuların qarşısının alınması üçün hüquqi mexanizmlərin istifadə edilməsi ilə bağlıdır. O həmçinin vurğulayıb ki, qanunda bəzi məqamlar var ki, düzgünlüyün olması üçün onları dəqiqləşdirmək lazımdır.

Məcəllədə seçki komissiyalarının tərkibi ilə bağlı dəyişikliklərə gəlincə, aparatın başçısı qeyd edib ki, onlar komissiyalarının tərkibinin indiki qaydada qalmasının tərəfdarıdırlar. O, komissiyaların paritet əsaslarla təşkil olunması ilə bağlı təklifləri qeyri-məqbul qiymətləndirir. S.Mirzəyev əmindir ki, komissiyaların paritet əsaslarla təşkili - seçkilərin pozulması üçün ən qısa yoldur.

Parlament nümayəndəsi bildirib ki, gələcəkdə komissiyaları seçki prosedurları ilə yaxşı tanış olan və heç bir partiya mənsubiyyəti olmayan mütəxəssislərdən yaratmaq məqsədəuyğun olardı. "Komissiyalar ən çox mənsub olduqları partiyaların, siyasi qüvvələrin maraqlarını izhar edirlər və gələcəkdə biz peşəkar seçki komissiyalarına keçəcəyik. Azərbaycan buna hazırdır və bizdə bu sahədə kifayət qədər mütəxəssis var", - deyə S.Mirzəyev vurğulayıb.

Onun fikrincə, bu, dərhal baş verməyəcək, bunun üçün müəyyən vaxt tələb olunur. Bu, bütün səviyyələrdəki komissiyalarda ediləcək. Aparat başçısı əmindir ki, həmin komissiyalar daimi olmalı və bu qurumların əməkdaşları yalnız ictimaiyyət qarşısında deyil, həm də dövlət qarşısında məsuliyyət daşımaq üçün, bütün sivil ölkələrdə olduğu kimi, dövlət büdcəsindən əmək haqqı almalıdırlar.

Xəbər lenti

Xəbər lenti