Noyabrın 29-da Turkiyənin İqdır vilayətinin rəhbərliyini və biznesini təmsil edən geniş tərkibli nümayəndə heyəti Azərbaycana səfərə gələcək. Bu barədə Trend ə Azərbaycanın Qarsdakı Baş Konsulluğundan məlumat verilib.
Nümayəndə heyətinin tərkibində şəhər valisi Saim Saffet, bələdiyyə başqanı Nurəttin Aras, vailayətin baş prokuroru Mustafa Küçük, əmniyyət müdiri Yusif Jalkavur və yerli biznesin nümayəndələri təmsil olunacaqlar. Səfərdən məqsəd İqdırın Azərbaycanla iqtisadi, ticari və mədəni sahədə əlaqələrinin genişləndirilməsi ilə bağlı danışıqlar aparılması və bir sıra rəsmi görüşlərin keçirilməsidir.
Qonaqların ilk görüşü noyabrın 29-da Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə olacaq. Bundan sonra nümayəndə heyəti Bakıya gələrək, Şəhidlər xiyabanı və Heydər Əliyevin məzarını ziyarət edəcək, Şamaxıya yola düşəcək. Burada Şamaxı və İqdırın qardaşlaşmış şəhərlər elan olunması mərasimi keçiriləcək. Bu proses üçün İqdır və Şamaxının seçilməsi hər iki şəhərin erməni təcavüzünə məruz qalması, həmçinin coğrafi və iqtisadi baxımdan oxşarlıqlara malik olmalarıdır. Bundan başqa, Şamaxı və İqdır iş adamlarının qarşılıqlı iqtisadi-ticarət əlaqələri, eləcə də Şamaxıya İqdır iş adamlarının sərmayə qoyması imkanları da müzakirə olunacaq.
Noyabrın 2-dək davam edəcək səfərin ikinci hissəsində isə nümayəndə heyətinin Mədəniyyət və Turizm, eləcə də, İqtisadi İnkişaf Nazirliklərində görüşləri keçiriləcək. Bundan başqa, İqdır rəsmlilərinin baş prokuror Zakir Qaralov və digər hüquq-mühafizə orqanları rəhbərləri ilə görüşləri də planlaşdırılır.