...

Əli Əhmədov: "Prezidentlik müddətinin 7 ilədək uzadılması təklifində qeyri-adi heç nə yoxdur"

Siyasət Materials 30 Noyabr 2006 12:39 (UTC +04:00)

"Azərbaycanda prezidentlik müddətinin 7 ilə qədər uzadılması təklifinin arxasında prezident İlham Əliyevin Azərbaycanda daha çox və daha səmərəli fəaliyyyət göstərməsi niyyəti dayanır". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərlə söhbətində hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

O bildirib ki, Azərbaycanın beynəlxalq məkanda mövqeyi gün-gündən möhkəmlənir. Bu cür uğurlu tendensiyanın saxlanması da Azərbaycan xalqının mənafelərinə xidmət edir: "Bu baxımdan hər hansı müsbət təklif irəli sürülürsə, bunu dəstəkləmək lazımdır. Amma bu o demək deyil ki, Azərbaycanda prezidentlik müddətini mütləq 7 ilə qədər uzatmaq lazımdır. Baxmayaraq ki, dünyada prezidentlik müddəti 7 il olan ölkələr var. O cümlədən Türkiyədə, Fransada, İtaliyada belədir. Bu təklifin səslənməsində qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq bu məsələ ilə bağlı cəmiyyətin, o cümlədən də prezident İlham Əliyevin münasibəti çox vacib şərtlərdən biridir. Prezidentin isə hələ ki, buna dair münasibəti yoxdur".

Əli Əhmədov həmçinin YAP sədrinin birinci müavininin hələ də seçilməsinə münasibətini açıqlayıb. O bildirib ki, indiki halda partiyanın sədri, Azərbaycan prezidenti İlham Əliyev, həmçinin YAP-ın digər seçkili orqanları öz vəzifələrini lazımi səviyyədə yerinə yetirə bilirlər. Ona görə də hazırda bu məsələ gündəmdə deyil. Əli Əhmədovun sözlərinə görə, əgər növbəti qurultayda birinci müavinlik məsələsi gündəmə gətirilərsə, o zaman müzakirə edilə bilər.

Xəbər lenti

Xəbər lenti