...

Vitse-spiker: "2007-ci ilin büdcə layihəsinə dair hökumətin yekun münasibəti hər kəsi, o cümlədən müxalifət təmsilçilərini razı saldı"

Siyasət Materials 30 Noyabr 2006 14:55 (UTC +04:00)
Vitse-spiker: "2007-ci ilin büdcə layihəsinə dair hökumətin yekun münasibəti hər kəsi, o cümlədən müxalifət təmsilçilərini razı saldı"

"2007-ci ilin büdcə layihəsinin müzakirələrindən sonra təsdiqlənməsi zamanı deputatları ciddi şəkildə narazı salan məqamlar olmadı. Narazı qaldıqları hansı məqamlar var idisə, deputatların bununla bağlı fikirlərini çatdırmaq imkanları oldu". Bu fikirləri Trend ə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

O qeyd edib ki, büdcə layihəsi ilə bağlı bu dəfə hökumət irəli sürülmüş təklif və iradlarla bağlı 10 gündən sonra öz münasibətini bildirdi. B.Muradovanın sözlərinə görə, hökumətin yekun münasibəti parlamentdə hər kəsi, o cümlədən də müxalifət təmsilçilərini razı saldı.

B.Muradova büdcə layihəsinin təsdiqlənməsi zamanı narazılığını bildirən millət vəkili Pənah Hüseynin iradları barədə deyib ki, bu, bir nəfərin subyktiv fikirləridir: "Bu qədər millət vəkilləri, hökumət bu işlə məşğul olur və işin sonu, konkret rəqəmlərlə ifadə olunan nəticəsi də ortadadır. Burada bir şəxsin subyektiv fikrini əsas götürərək görülən işin üzərinə kölgə salınmasını qəbul etmirəm. Hesab edirəm ki, bu həmin şəxsin öz şəxsi fikirdir və özü bilər".

Bahar Muradova onu da deyib ki, parlamentin indiki sessiyasında "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulmayıb. Çünki bu sessiyanın qanunvericilik planı təsdiq olunub və bu plana əsasən də iş davam etdiriləcək: "Həmin planda "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər nəzərdə tutulmayıb. Amma ümumilikdə bu məsələ gündəmdədir. İndi olmasa da, gələn sessiyada baxıla bilər"-deyə vitse-spiker qeyd edib.

Xəbər lenti

Xəbər lenti