...

AXCP-nin öz əmlakından istifadəsinə maneələr yaradılması ilə bağlı bu həftə məhkəməyə şikayət veriləcək

Siyasət Materials 13 Dekabr 2006 18:53 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) öz əmlakından istifadə etməsinə maneələr yaradılması ilə bağlı bu həftə məhkəməyə müraciət olunacaq. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Qeyd edək ki, AXCP 14 ildən bəri yerləşdiyi Xaqani küçəsi 33 ünvanındakı binadan çıxarılıb və əmlakı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Keşlə qəsəbəsində partiya üçün ayrılmış yerdə saxlanılır. AXCP-nin əmlakı nəzarət altında saxlanılır və partiya üzvlərinə əmlakı oradan daşımağa icazə verilmir.

Bu gün - dekabrın 13-də AXCP Sədr Aparatının iclasında partiyanın əmlakından istifadəsinə yaradılmış maneələrlə bağlı məhkəməyə müraciət edilməsi qərara alınıb. AXCP sədrinin müşaviri, hüquqşünas Tofiq Quliyev bu həftə məhkəməyə müraciət ediləcəyini bildirib. İclasda o da bildirilib ki, AXCP sədrinin Respublikanın Baş Prokuroru və daxili işlər nazirinə partiyanın əmlakından istifadəyə qoyulmuş qadağaların aradan götürülməsi ilə bağlı müraciətinə hələ də cavab verilməyib.

Qeyd edək ki, müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti