...

Asim Mollazadə ABŞ səfəri barədə geniş hesabat verib

Siyasət Materials 27 Dekabr 2006 19:21 (UTC +04:00)

Demokratik İslahatlar Partiyası (DİP) Siyasi Şurasının dekabrın 27-də keçirilən toplantısında ölkədəki mövcud ictimai-siyasi vəziyyət, söz və mətbuat azadlığı sahəsindəki durum, 2006-cı ilin yekunları, 2007-ci il üçün partiyanın fəaliyyət planı və partiya sədri Asim Mollazadənin ABŞ səfərinin yekunları müzakirə edilib. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Asim Mollazadə ABŞ səfəri barədə Siyasi Şura üzvlərinə ətraflı məlumat verib, bir sıra icra və qanunverici hakimiyyət orqanlarında, həmçinin demokratik institutlarda, tanınmış araşdırma mərkəzlərində səmərəli görüşlər keçirdiyini deyib. Partiya sədri səfərinin ilk günündə Amerika-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi tədbirə qatılıb. Daha sonra Ağ Evdə Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə idarəsinin direktoru Metyu Palmerlə, Pentaqonda Müdafiə Nazirliyinin Avrasiya İdarəsinin rəhbərləri və əməkdaşları ilə, Dövlət Depatramentində dövlət katibinin müavini Dan Fridlə, dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı, ATƏT-in Minsk qrupunun həmsədri Metyü Brayza ilə, Senat və Konqresin Nümayəndələr Palatasının üzvlərilə görüşlər keçirib.

Bundan əlavə, millət vəkili ABŞ-ın iki böyük araşdırma mərkəzində olub. O, Hadson İnstitutunda "GUAM təşkilatının bölgənin sabitliyində, iqtisadi inkişafında və demokratik islahatlarda rolu" mövzusunda, Con Hopkins Universitetinin Mərkəzi Asiya Araşdırmaları Mərkəzində isə Azərbaycan və bölgədəki situasiya barədə çıxış edib. Millət vəkili, ABŞ-ın Milli Demokratiya İnstitutu (NDİ) və Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) rəhbərliyi ilə mühüm görüşlər keçirib. Keçirdiyi bütün görüşlərdə Cənubi Qafqaz regionunda təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri, regionun inkişafı, həyata keçirilən iqtisadi layihələr, GUAM-ın inkişaf perspektivləri, Azərbaycanda demokratiyanın inkişafı və Avroatlantik məkana inteqrasiya, bu istiqamətdə zəruiri olan islahatlar barədə geniş müzakirələr aparılıb.

Asim Mollazadənin ABŞ səfərinin digər əhəmiyyətli hissəsi erməni diasporunun çoxluq təşkil etdiyi və fəallığı ilə seçildiyi Kaliforniya ştatında keçib. Bu ştatda erməni lobbisinin əli ilə çox zaman Azərbaycanın əleyhinə sənədlər qəbul edildiyini nəzərə alan Asim Mollazadə Los Ancelesdə Şəhər Şurasının sədri Erik Qarsetti və Şəhər Şurasının digər üzvləri ilə, Kaliforniya ştatının Senatının aparıcı üzvləri, o cümlədən Senatda əksəriyyət təşkil edən qrupun sədri Karen Bassla görüşüb. Bu görüşlərdə Kaliforniya ştatı ilə Azərbaycan arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə edilib, həm Azərbaycanda, həm də Kaliforniyada mövcud olan böyük potensialın tərəflər arasındakı əməkdaşlığın genişləndirilməsinə yönəldilməsinin vacibliyi vurğulanıb. Demokratik İslahatlar Partiyasının sədri burada Türkiyənin Los Ancelesdəki Baş konsulu Engin Ansayla, həmçinin, İsrailin Los Ancelesdəki konsulu Ehud Danoxla görüşüb. Kaliforniyada fəaliyyət göstərən yəhudi təşkilatlarının rəhbərləri Asim Mollazadənin şərəfinə nahar veriblər.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə Asim Mollazadə buradakı azərbaycanlı icmasının nümayəndələri ilə görüşüb. Partiya sədrinin Sakramentonun azərbaycanlı icmasının nümayəndələrilə də görüşü keçirilib. Bu görüşlərdə o, Kaliforniyada yaşayan azərbaycanlıların fəaliyyəti, təşkilatlanma işləri ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti