...

AŞPA-da "Jurnalistlərin həyatına və ifadə azadlığına təhlükələr" adlı məruzəsi müzakirə olunub

Siyasət Materials 25 Yanvar 2007 19:44 (UTC +04:00)

Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında britaniyalı deputat Endryu Makintoşun "Jurnalistlərin həyatına və ifadə azadlığına təhlükələr" adlı məruzəsi müzakirə olunub.

Trend in məlumatına görə, məruzənin dinlənilməsi başa çatandan sonra AŞPA deputatları ölkələri jurnalistlərin söz və fikir azadlığını müdafiə etmək üçün əlavə effektiv tədbirlər görməyə çağırıblar. Avropa Şurası ölkələrinin parlamentləri jurnalist qətllərini araşdırmaq üçün parlament təhqiqatı aparmağa çağrıblar.

AŞPA Rusiya Dövlət Dumasını jurnalist Anna Politkovskayanın qətlinin istintaqını yaxından müşahidə etməyə, Türkiyə Böyük Millət Məclisindən isə 301-ci maddəni dəyişməyə çağırıb. AŞPA jurnalist Georgi Qonqadzenin qətlinin araşdırılmasında irəliləyişin olmamasından da narahatlığını ifadə edib.

Qurum "Sərhədsiz Reportyorlar", Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası və digər təşkilatları jurnalistlərə olan hücumlar barədə AŞPA-ya hesabatlar göndərməyə çağırıb.

E.Makintoşun "Jurnalistlərin həyatına və ifadə azadlığına təhlükələr" adlı məruzəsində qeyd edilir ki, AŞPA Türkiyədə Hrant Dinkin, Rusiyada Anna Politkovskayanın qətlindən, Azərbaycanda Fikrət Hüseynli, Bahəddin Həziyev və Nicat Hüseynovun, Moldovada İon Robunun, Ukraynada İqor Mosyuçukun, Sergey Yanovskinin və Liliya Burcanovanın döyülməsindən narahatlıq ifadə edilib. Məruzədə AŞPA-nın Azərbaycanda Samir Sədaqətoğlu və Rafiq Tağıya qarşı din xadimləri tərəfindən ölüm hökmü çıxarılmasından şoka düşdüyü bəyan edilir.

Hesabatda jurnalistlərin söz və fikir azadlığını qorunmasının zəruriliyi, jurnalist qətllərinin üstünün açılmasının əhəmiyyəti və s. məsələlər öz əksini tapıb. Məruzədə söz və fikir azadlığının bir çox beynəlxalq konvensiyalarda öz əksini tapdığı bildirilir və yerli hakimiyyətlər bu konvensiyalara riayət etməyə çağrılır.

Məruzədə Avropa Şurası Nazirlər Kabineti jurnalistlərin döyülməsi faktlarını ciddi tənqid etməyə çağrılır.

Xəbər lenti

Xəbər lenti