...

Avropa Şurasının xüsusi nümayəndəsi: Avropa Şurası "Teleradioyayım haqqında" qanunun ekspertizasında Azərbaycan hökumətinə kömək etməyə hazırdır

Siyasət Materials 9 Fevral 2007 15:23 (UTC +04:00)

Trend in Avropa Şurasının baş katibliyinin Azərbaycandakı xüsusi nümayəndəsi Denos Bribosia ilə eksklüziv müsahibəsi

- Azərbaycanda artıq müəyyən siyasi arena formalaşıb. Bu yaxınlarda Avropa Şurasının siyasi biliklər məktəbinin açılışı olub. Siyasi arenada yeni şəxsiyyətlərin yaranmasına bu məktəb hansı formada təsir göstərə biləcək?

- İlk öncə qeyd etmək istərdim ki, bu layihənin məqsədi yeni siyasi şəxsiyyətlərin hazırlanması deyil. Bu məktəbin əsas xarakteri burada bağlı qapılar arxasında müzakirələr aparılır və ictimaiyyətin bura müdaxiləsi mümkün deyil. Məktəbin təşkil olunduğu məkanda müzakirə olunan məsələlər elə oradaca qalır. Buna görə də bu məktəbdən kiminsə ictimai nüfuzunun artırılması üçün istifadə etməsi mümkün deyil.
Hesab edirəm ki, bu layihənin əsas xüsusiyyəti bilikləri və vərdişi olan, ictimaiyyətdə öz sözünü demiş insanlar toplusunun olmasıdır. Məktəb ümumi maraq kəsb edən problemlərin birgə müzakirə edilməsinə imkan verir. Eyni zamanda, iştirakçılar biliklərini təkmilləşdirirlər. Proqramın hər hansı bir şəxsiyyətin seçilməsinə və siyasi karyerasının yaradılmasına istiqamətlənməməsi dəqiqdir. Burada hamı bir-birindən öyrənir. Bu hərfi mənada məktəb deyil. Çünki burada müxtəlif sahə və ixtisasları əhatə edən insanlar yığışıb.

- Məktəb iştirakçılarının ilk görüşü baş tutub. Sizin ümidləriniz doğruldumu?

- Mənə məlum olduğu kimi və iştirakçılardan aldığım məlumatlara əsasən, bəli. Biz arzuladığımz nəticəni əldə etdik.

- Siz Azərbaycanda mətbuatla bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Son zamanlar beynəlxalq təşkilatlar tərəfindən tənqidlərin kifayət qədər azalması müşahidə olunur.

- Mətbuatla bağlı vəziyyət hələ də ciddi narahtlıq üçün səbəb olaraq qalır. Mən hansısa konkret hadisənin adını çəkmək istəmirəm. Lakin qeyd etmək istəyirəm ki, istənilən demokratik cəmiyyətdə mətbuat hər zaman əsas rolu oynayıb və demokratik dəyərlərlə sıx bağlıdır. Bu prinsiplərin müdafiəsində dayanmış Avropa Şurası üçün mətbuatla bağlı olan məsələlər çox vacibdir.
ANS telekanalına gəldikdə, Avropa Şurasının Baş Katibliyi və təşkilatın həmməruzəçiləri kanalın yayımının bərpa olunması ilə bağlı razılıqlarını ifadə ediblər. Mən də buna sevindim. Lakin bizə deyilib ki, ANS-lə bağlı qərar bu ayın əvvəlində veriləcək. Təəssüf ki, hələ qərar yoxdur. İnanıram ki, bu, tezliklə olacaq və cavab müsbət olacaq. Avropa Şurası Azərbaycan hökumətinə bu problemin həllində köməklik etməyə hazır olduğunu bildirib. Xüsusən də, 2002-ci ildə qəbul edilmiş "Teleradioyayım haqqında" qanunun ekspertizası məsələsində.
Biz həmçinin insanların qəzetdə söylədikləri və yazdıqlarına görə həbs olunmalarını istəmirik. Biz bütün dövlətləri - Avropa Şurasının bütün üzvlərini buna görə cinayət cəzasını götürməyə çağırmışıq. Lakin diffamasiya haqqında qanunun bəzi ölkələrdə tətbiq olunması çətindir. İnanıram ki, bununla bağlı Azərbaycanda doğru yoldayıq və bu sahədə müsbət nəticələr əldə olunacaq.
Eyni zamanda, biz Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq etməkdə davam edirik. Misal olaraq, deputat Rafael Hüseynov jurnalistlərin peşəkarlığı ilə bağlı hesabat hazırlayıb və bu sənəd onların peşəkar hazırlığının yaxşılaşdırılmasına istiqamətləndirilirb.

Xəbər lenti

Xəbər lenti