...

Təhlükəsizlik sektorunun demokratik formada idarə edilməsinə həsr olunmuş konfrans keçirilib

Siyasət Materials 14 Fevral 2007 17:38 (UTC +04:00)

Fevralın 14-də "Park İnn" otelində təhlükəsizlik sektorunun demokratik formada idarə edilməsinə həsr olunmuş STARLİNK təlim proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib.

Trend in məlumatına görə, konfrans Azərbaycan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin və Niderlandın Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva bildirib ki, bu proqram Niderland hökumətinin dəstəyi ilə həyata keçirilir və fevralın 17-dək davam edəcək tədbirlərdə təhlükəsizlik sektorunun demokratik formada idarə olunmasına dair bir sıra təlimlərin keçirilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, STARLİNK proqramı üç mərhələdə reallaşdırılacaq.

"Birincisi, müdafiə sahəsi, ikincisi Daxili İşlər Nazirliyi sistemi və üçüncüsü təhlükəsizlik icmasının yaradılması", -deyə Leyla Əliyeva əlavə edib.

Niderlandın Avropa Təhlükəsizliyi Araşdırmalar Mərkəzinin icraçı direktoru Səmi Faltas öz çıxışında qeyd edib ki, təhlükəsizlik senktoru demokratik formada idarə olunmalıdır və bunun həyata keçirilməsi çox vacibdir. O vurğulayıb ki, Avropa ölkələrində hərbi və təhlükəsizlik səhəsinin demokratik şəkildə idarə olunması həmişə aktual olub.

"STARLİNK proqramının əsas məqsədi təhlükəsizlik sektoruna demokratik nəzarəti təmin etməkdir. Hərbi və təhlükəsizlik sahəsində nəzarət olmalıdır, lakin monopoliya olmamalıdır", -deyə o bildirib.

Səmi Faltas deyib ki, onlar elə bir həribi tədris mərkəzləri- hərbi akademiyalar, universitetlər və kolleclər axtarırlar ki, ordu və təhlükəsizlik sektorunun demokratik formada idarə olunmasına dair proqramları həyata keçirsinlər: "Bu məsələdə maliyyə də problem deyil. Əsas odur ki, həmin məktəblərin bunu reallaşdırmaq imkanları və istəyi olsun. Proqramın həyata keçirilməsini maliyyələşdirmək imkanları da var. Amma belə tədris mərkəzləri tapmaq problemə çevrilib. Görək Azərbaycanda elə tədris mərkəzləri olacaqmı ki, təhlükəsizlik sektorunun demokratik şəkildə idarə olunması proqramını həyata keçirməyə razılıq vesin."

Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Avroatlantik sturukturlara inteqrasiya kursunu əsas götürüb və bu siyasət uğurla həyata keçirilir. Lakin Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ölkəmizin 20 faiz ərazisi işğal olunub və bir milyondan çox insan öz doğma yerlərini tərk etmək məcburiyyətində qalıb, qaçqın və məcburi köçkünə çevriliblər. Dünya birliyi isə hələ də bu ədalətsizliyə göz yumur.

"Bu isə insan hüquqlarının pozulması olmaqla yanaşı Azərbaycanın Avroatlantik məkana inteqrasiyasına mane olur", -deyə Ziyafət Əsgərov vurğulayıb.

O bildirib ki, Azərbaycan NATO-nun Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Proqramı çərçivəsində əməkdaşlıq edir. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına uyğunlaşdırılır: "Bu zaman qarşıda duran əsas vəzifələrdən biri hərbi və təhlükəsizlik sektoruna demokratik nəzarəti təmin etməkdir. Hazırda Milli Məclisin deputatları bu sahələrə nəzarəti həyata keçirirlər."

Niderlandın keçmiş müdafiə naziri, Qərbi Avropra Birliyinin sabiq baş katibi Vim Van Eekelen qeyd etdi ki, müzakirə olunan məsələ ilə bağlı elə bir format tapmaq lazımdır ki, onu bütün ölkələrdə həyata keçirmək mümkün olsun.

Xəbər lenti

Xəbər lenti