...

YAP Şamaxı rayon təşkilatının konfransı keçirilib

Siyasət Materials 19 Fevral 2007 14:13 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Şamaxı rayon təşkilatının II konfransı keçirilib. Bu barədə Trend ə YAP mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, konfransa hazırlıq mərhələsində rayon təşkilatı şurasının müvafiq qərarı ilə təşkilat komitəsi yaradılıb və 80 ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncaqları keçirilib.

Məlumata görə II konfransa 304 nəfər nümayəndə seçilib ki, onlardan da 300 nəfəri konfransın işində iştirak edib.

Konfransda partiyanın Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov hesabat məruzəsi ilə çıxış edərək, keçən dövrü təhlil etib və qarşıda duran məsələlərdən danışıb.

Konfransda hesabat məruzəsi dinlənildikdən sonra müzakirələr aparılıb. Müzakirələrdə iştirak edən partiya fəalları rayon təşkilatının ötən dövr ərzindəki fəaliyyətinin qənaətbəxş sayılmasını məqsədəmüvafiq hesab etdiklərini deyiblər.

Konfransın işində iştirak edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov partiyanın ölkənin ictimai-siyasi həyatında mövqeyinin daha da güclənməsindən, keçirilən parlament və bələdiyyə seçkilərində qazanılmış uğurlar barədə danışıb.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar Siyasət Daimi Komissiyasının sədri Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvü, rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Milli Məclisin deputatı Ərəstun Cavadov konfransda çıxış ediblər.

Konfrans nümayəndələri həmçinin rayon təşkilatının 37 nəfərdən ibarət şurasını, 13 nəfər tərkibdə idarə heyətini və 5 nəfərdən ibarət nəzarət təftiş qrupunu seçib.

Konfransın sonunda Azərbaycan Respublikasının prezidenti, YAP sədri İlham Əliyevə müraciət qəbul edilib.

Xəbər lenti

Xəbər lenti