...

Şəhid ailələrinin, müharibə əlil və veteranlarının sosial problemləri müzakirə olunub

Siyasət Materials 21 Fevral 2007 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Fevralın 21-də Demokratik İslahatlar Partiyasının təşəbbüsü ilə "Şəhid ailələrinin, müharibə əlil və veteranlarının sosial müdafiəsinə yönəlmiş tədbirlər" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə millət vəkilləri, QHT təmsilçiləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri iştirak ediblər.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə çıxışında qeyd edib ki, Xocalı soyqırımından keçən 15 il ərzində cinayətkarların cəzalandırılması istiqamətində heç bir addım atılmayıb. Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə nəticələnən müharibədə şəhid olmuş, itkin düşmüş, öz sağlamlıqlarını itirmiş insanların, müharibə veteranlarının sosial müdafiəsi istiqamətində ciddi problemlər mövcuddur: "Bağışlanmaz haldır ki, şəhid ailəsinin nümayəndəsi, müharibə əlili, veteranı öz probleminin həlli üçün məmurların qapısı ağzında gözləməli olurlar. Bu insanlar bayramdan bayrama yada düşürlər, halbuki onların sosial müdafiəsi istiqamətində sistemli dövlət tədbirləri olmalıdır"-deyə A.Mollazadə qeyd edib.

Ehtiyatda və İstefada olan Zabitlər İttifaqının sədri Yaşar Cəfərli, millət vəkili Lalə Abbasova, Veteran Qadınlara Sosial Yardım İB-nin rəhbəri Radə Abbas, Qarabağ Qaziləri İB-nin rəhbəri Etimad Əsədov, Ehtiyatda olan polkovnik İldırım Məmmədov, BDU-nun professoru Rüstəm Məmmədov və digərləri çıxışlarında şəhid ailələri, müharibə əlillərinə yardım üçün xüsusi dövlət qurumunun, icra hakimiyyətlərində şöbələrin yaradılmasını, müharibədə itkin düşmüş insanların xatirəsinə abidə ucaldılmasını, geniş formatda birgə komissiyanın təsis olunmasını, Bakıda vətənpərvərlik mövzusunda reklam tablolarının yerləşdirilməsini təklif ediblər.

Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Çingiz Əliyev qeyd edib ki, hazırda Azərbaycanda 83062 nəfər qeydiyyatdan keçmiş və müavinətlə təmin olunmuş veteran var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İdarə rəisi Azad Tağızadə mövcud problemlərə görə məmurların günahlandırılmasının əsassız olduğunu qeyd edib. O, bildirib ki, son 8 il ərzində müharibə əlillərinə 1500 ədəd avtomobil verildiyi halda, bu il onlara qiymətindən asılı olaraq 500-600 avtomobilin dövlət vəsaiti hesabına verilməsi nəzərdə tutulub.

Tədbirin sonunda Asim Mollazadə burada səslənən təkliflərin geniş ictimaiyyətə və dövlət qurumlarına təqdim olunacağını qeyd edib.

Xəbər lenti

Xəbər lenti