...

Keçmiş səhiyyə naziri Əli İnsanov məhkəmədə vəkillərin suallarını cavablandırıb

Siyasət Materials 1 Mart 2007 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend E.Cavadova/Martın 1-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən məhkəmə iclasında keçmiş səhiyyə naziri Əli İnsanov vəkillərin suallarını cavablandırıb.

Əli İnsanov öz vəkili Şahverdi Ağavesin özəlləşdirmə ilə bağlı suallarına cavab olaraq bildirib ki, ona qanunsuz özəlləşdirmə, mənimsəmə, vergidən yayınma ilə bağlı verilən ittihamlar əsassızdır. Ə.İnsanovun sözlərinə görə, Səhiyyə Nazirliyinin balansındakı obyektlər prezidentin sərəncamı ilə özəlləşdirməyə çıxarılıb və özəlləşdirmə prosesi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilib. Səhiyyə Nazirliyi isə bu məsələdə yalnız razılıq verib. "Yaxşısı budur, hansısa binanın özəlləşdirilməsində baş vermiş qanunsuzluqların səbəbini Əmlak Komitəsindən xəbər alasınız", deyə keçmiş nazir qeyd edib.

Sonra vəkil Ə.İnsanova vergidən yayınma ittihamı ətrafında suallar verib. Müttəhim bu ittihamla da razılaşmadığını bildirib və son iki il ərzində şəxsi gəlirindən dövlət büdcəsinə 380 min ABŞ dolları məbləğində vergi ödədiyini vurğulayıb. "Mənə verilən ittihamlardan biri də redaktoru olduğum kitabın nəşr edilməsinə sərf olunan pulları guya mənimsəməyimlə bağlıdır. Bir daha bildirirəm ki, bu kitab Rusiya Tibb Elmləri Akademiyasının təşəbbüsü və mənim redaktorluğumla işıq üzü görüb və həkimlərə pulsuz paylanıb. Kitabın çapı üçün sərf olunan vəsait mənim təşəbbüsümlə fəaliyyəti bərpa olunmuş Səhiyyə Nazirliyinin laboratoriyasının müstəqil büdcəsindən ayrılıb. Azərbaycanda ən çox vergi ödəyən şəxs mən olmuşam", deyə Ə.İnsanov söyləyib.

Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti