...

İsrail Knessetində "erməni soyqırımı" ilə bağlı müzakirə baş tutmayıb

Siyasət Materials 15 Mart 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Qondarma "erməni soyqırımı" ilə bağlı İsrail Knessetində (parlament) dinləmələrin keçirilməsi baş tutmayıb. Bu barədə məlumat verən Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov bildirib ki, qondarma "erməni soyqırmı" ilə bağlı Knessetdə dinləmələrin keçirilməsi təşəbbüsünü irəli sürən ərəbyönlü radikal "Meres" Partiyasının sədri Xaim Arom parlamentin dünənki iclasda çıxış edib: "O təklif edib ki, məsələ Knessetin gündəliyinə daxil edilsin. Lakin bu zaman iclas zalında çox az sayda deputat olub. Onlardan 5 nəfəri "Meres" Partiyasının üzvləri olub. Digər fraksiyalardan da bir neçə nəfər toplantıya qatılıb. Bu təşəbbüslə çıxış edənlər biabırçı vəziyyətlə üzləşiblər. Çünki deputatların əksəriyyəti iclasa qatılmayacaqlarını əvvəlcədən bəyan etmişdilər".

Y.Abramovun sözlərinə görə, "Meres" Partiyasının sədri çıxış edən zaman zalda olan az saylı deputatlar onun fikirlərinə etirazlarnı bildiriblər və zalı tərk ediblər. Nəticədə məsələ gündəliyə daxil edilməyib və müzakirələr baş tutmayıb.

"Hesab edirəm ki, İsrail Knessetində qondarma "erməni soyqırımı" ilə bağlı dinləmələrin aparılması bir daha gündəmə gəlməyəcək və bu məsələ qapanıb. Belə bir təşəbbüslə çıxış edənlər İsraildə yaşayan ermənilərə və onların arxasında duran təşkilatlara bir sıra vədlər vermişdilər. Ancaq həmin vədləri yerinə yetirə bilmədilər və biabırçılıqla üzləşdilər", -deyə Y.Abramov əlavə edib.

Onun sözlərinə görə, dinləmələrin baş tutmamasında İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri İosif Şaqalın böyük əməyi olub.

Xəbər lenti

Xəbər lenti