...

Səfir: ABŞ Azərbaycana strateji tərəfdaş kimi baxır

Siyasət Materials 19 Mart 2007 12:56 (UTC +04:00)
Səfir: ABŞ Azərbaycana strateji tərəfdaş kimi baxır

Azərbaycan, Bakı / Trend müxbir A.Qasımova/ Trend in Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyevlə eksklüziv müsahibəsi

- Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun Vaşinqtona səfəri ilə bağlı hazırlıq işləri hansı mərhələdədir? Səfər hansı tarixə müəyyənləşdirilib və əsasən hansı məsələlər müzakirə ediləcək?

- Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2007-ci il martın 19-23-də ABŞ-a səfər edəcək, bununla bağlı hazrliq işləri son mərhələdədir. Səfər zamanı nazirin ABŞ dövlət katibi K.Raysla görüşü, enerji sahəsində Azərbaycan-ABŞ Memorandumunun imzalanması nəzərdə tutulur. Cənab Məmmədyarovun ABŞ administrasiyasının digər rəsmləri, habelə ABŞ Konqresinin üzvləri ilə də görüşləri planlaşdırılır.

- Rəsmi Vaşinqton birmənalı olaraq geostrateji planlarında Azərbaycanı xüsusi olaraq qeyd edib. Cənab səfir, fikrinizcə, yaxın perspektivdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına yönəldilmiş əsas istiqamətlər hansılardır? Azərbaycanın regional enerji layihələrində və beynəlxalq antiterror koalisiyalarında iştirakını nəzərə almaq şərti ilə Ağ Evin Bakıya rəsmi münasibəti necədir?

- Əlbəttə, Azərbaycanın ABŞ-ın xüsusi maraq dairəsində olan geostrateji məkanda yerləşməsi ikitərəfli əlaqələrin inkişafına öz təsirini göstərir. Bu xüsusda, terrora qarşı qlobal müharibə, siyasi, enerji və regional sabitliyin təmini sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafına yönəldilmiş əsas istiqamətlərdir. Bildiyiniz kimi, ABŞ-ın terrora qarşı apardığı qlobal mübarizədə Azərbaycanın iştirakı iki ölkə arasında əlaqələrin əməkdaşlıqdan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə xidmət edib.

Regional enerji layihələrinin həyata keçirilməsində isə dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində qərb istehlakçılarının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan enerji daşıyıcılarının vacib istehsalçısı və transit ölkəsinə çevirilib. Bunu nəzərə alaraq rəsmi Vaşinqton Azərbaycanı iqtisadi sahədə də strateji tərəfdaş kimi görür və iqtisadiyyatın müxtəlif sahələrində ölkəmizlə genişmiqyaslı əməkdaşlıqda maraqlıdır. Buna nümunə olaraq Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının yaradılmasını qeyd etmək olar. Cari ilin fevralında komissiyanın Bakıda keçirilmiş ilk iclası zamanı qəbul edilmiş qərarların həyata keçirilməsi ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

- Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində Vaşinqtondan yeni təşəbbüslər gözləməyə dəyərmi?

- Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində fəaliyyətlərini davam etdirir və onların tərtib etdiyi təkliflər artıq danışıqlar stolu üzərindədir. Üç ildir ki, bu qrupun təklifləri "Praqa prosesi" adlandırılan danışıqlar çərçivəsində xarici işlər nazirləri və prezidentlər səviyyəsində müzakirə olunur. Bildiyiniz kimi, 14 martda Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib və danışıqların apreldə davam etdirilməsi qərara alınıb.

- Azərbayacanın Ümumdünya Ticarət Təşkilatına daxil olması məsələsində Vaşinqton hansı dəstəyi göstərir?

- ABŞ tərəfi Azərbaycanın ÜTT-yə üzv olması prosesinə mütəmadi olaraq mənəvi və texniki dəstək göstərir. Belə ki, "ÜTT-yə üzvlük üçün Texniki Yardım" layihəsi çərçivəsində ABŞ hökuməti Azərbaycana $3 mln. dəyərində yardın göstərib. Bu layihənin bitməsi ilə əlaqədar Azərbaycan tərəfi cari ilin əvvəllərində Qanunvercilik Fəaliyyəti Planının həyata keçirilməsi üçün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinə texniki yardım üçün müraciət edib. Məsələyə hazırda ABŞ hökuməti tərəfindən baxılır.

- ABŞ-dakı Azərbaycan diasporu nə dərəcədə fəaldır? Bir neçə kəlmə ABŞ-da yaşayan azərbaycanlıların vəziyyəti barədə?

- Səfirlik Amerikada mütəşəkkil və işlək diasporun yaradılması istiqamətində yerli Azərbaycan icmaları və cəmiyyətləri ilə aparılan işə xüsusi diqqət verir. Belə ki, səfirlik həmvətənlərimiz tərəfindən təşkil edilmiş mərasimlərdə yaxından iştirak edir, müvafiq planların həyata keçirilməsinə əməli yardım göstərir. Eyni zamanda, diaspor nümayəndələri səfirliyin himayəsi ilə keçirilən tədbirlərə fəal surətdə cəlb olunurlar.

Diasporun fəaliyyətinə gəlincə, onun potensialından daha dolğun istifadə edilməsi imkanları mövcuddur və bu istiqamətdə səfirlik tərəfindən müvafiq iş aparılır. ABŞ-ın müxtəlif ştatlarında bir neçə Azərbaycan cəmiyyəti və dərnəyi var. Zənnimcə, onların fəaliyyətinin əlaqələndirliməsi üçün Əlaqələndirmə və ya Məşvərət şurasının yaradılması yaxşı olardı.

Son müddət ərzində Amerikadakı Azərbaycan və Türk diaspor təşkilatlarının Azərbaycan və Türkiyənin ABŞ-da maraqlarının müdafiə olunması çərçivəsində fəaliyyətlərini bir-biri ilə koordinasiya etmələri sevindirici hal kimi qiymətləndirilə bilər.

Azərbaycan və Türk diaspor təşkilatları Ermənistanın türk dünyasına qarşı yürütdüyü siyasətə və törətdiyi cinayətlərə qarşı keçirdikləri etiraz aksiyalarında bir-birlərinə dəstək verməkdə davam edir, konqresmenlərə və administrasiya rəsmilərinə birgə məktublar göndərir, müxtəlif, xüsusilə Ermənistan lobbisinin təşkil etdiyi tədbirlərdə işirak edərək konkret faktlarla həqiqəti iştirakçılara çatdırırlar.

- Sizcə, məşhur 907-ci düzəlişin tamamilə ləğvi üçün vəziyyət nə dərəcədə yetişib?

- 907-ci düzəlişin ləğvi 1993-cü ildən etibarən səfirliyimizin qarşısında duran həlli vacib prioritet məsələdir və bu istiqamətdə iş bundan sonra da davam etdiriləcək.

Mövcud reallıq isə ondan ibarətdir ki, 2006-cı ildə Konqresə keçirilmiş seçkilərin nəticəsində Demokratlar partiyasının üstünlüyü ələ keçirməsi və rəhbər strukturlarda əsasən Kaliforniya, Nyu York və Massaçusets kimi erməni diasporunun güclü təşkilatlandığı ştatların təmsilçilərinin yer tutması 907-ci düzəlişin növbəti iki ildə ləğvini çətinləşdirən amillərdən biridir. Təbii ki, burada 2008-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinin də müəyyən rolu var.

Lakin bütün bu çətinliklərə baxmayaraq, səfriliyimiz Konqres üzvləri və onların köməkçiləri ilə six əlaqə saxlayır. Qeyd etmək lazımdır ki, Konqresin üzvlərinin fəaliyyətində köməkçilərin rolu çox böyükdür. Çünki məhz bu insanlar qanunyaradanları daim məlumatlandırır və onlar üçün xüsusi arayışlar və memorandumlar hazırlayırlar. Ona görə də biz Konqres üzvləri və onların köməkçiləri ilə mütəmadi şəkildə görüşür, məlumatlandırma xarakterli iş aparır və 907-ci düzəlişin qüvvədə saxlanılmasının absurd olduğunu və bu düzəlişin ikitərəfli münasibətlərin inkişafına mane olduğunu izah edirik. Səfirliyin səyləri ilə yanaşı, Amerikadakı Azərbaycan diasporunun sürətlə təşkilatlanması və siyasi proseslərə təsir edə biləcək səviyyəyə çatması da zəruri və vacib amillərdən biridir.

Xəbər lenti

Xəbər lenti