...

Hərbi Prokurorluğunun əməkdaşları üçün təlimlər başlayıb

Siyasət Materials 31 Mart 2007 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Respublika Hərbi Prokurorluğunun əməkdaşları hərbi hissələrdə zabit və əsgərlər üçün təlimlərə başlayıb. Hərbçilərə vətənpərvərlik, daxili nizam-intizam qaydalarına riayət olunması, onların hüquq və vəzifələri və s. mövzularda təlimlər keçiləcək. Bu gün Daxili Qoşunların və Müdafiə Nazirliyinin hərbi hissələrində belə təlimlərə başlanılır.

Hərbi Prokurorluğun əməkdaşları əsgər və zabitlərin valideynləri ilə də görüşlər keçirəcəklər. Hərbi Prokurorluğun mətbuat xidmətindən şənbə günü bildirilib ki, bu təbirlər respublika hərbi prokurorunun tapşırığına və Müdafiə Nazirliyi ilə birgə tədbirlər planına uyğun həyata keçirilir.

Respublika hərbi prokurorun əmri ilə vətəndaşların müraciətlərinə baxılması üzrə Respublika Hərbi Prokurorluğunda Lokal Kompüter Şəbəkəsi yaradılıb. Hərbi prokuror Xanlar Vəliyevin hərbi prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi haqqında əmri ilə hərbi prokurorluqda vətəndaşların dərhal qəbul edilməsi və onların müraciətlərində qaldırılmış məsələlərin operativ və obyektiv həllinin təmin edilməsi üzrə prosedur qaydalar təsdiq olunub.

Həmçinin Respublika Hərbi Prokurorluğunda "Etimad xətti" fəaliyyətə başlayıb. Hərbi hissələrdə və hərbi təhsil müəssisələrində nizamnamədən kənar münasibətlər zəminində baş verən neqativ halları aşkara çıxarmaq, hüquqları pozulmuş hərbi qulluqçuların hüquqlarının müdafiəsi, onların ərizə və şikayətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi məqsədilə açılan "etimad xətti" sutka ərzində fəaliyyət göstərir. Hüquqları pozulmuş hərbi qulluqçular və vətəndaşlar etimad telefonuna zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə bilərlər.

Xəbər lenti

Xəbər lenti