Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Nüvə proqramı ilə bağlı İran və Qərb arasınadkı bu qədər böyük münaqişə öz təsirlərni nəinki Cənubi Qafqazda, bütün dünyada göstərəcək. Bu barədə Rusiyanın "Kommersant" qəzetinin siyasi-iqisadi şöbəsinin müdiri, politoloq Azər Mürsəliyev bildirib.
Onun sözlərinə görə, indi dəqiqliklə demək olmaz ki, münaqişə regiona necə və hansı səviyyədə təsir edəcək. "Hələ bilinmir hansı növdə münaqişə olacaq, müdaxilə necə həyata keçiriləcək, ancaq hava zərbələri olacaq, yoxsa yerüstü əməliyyatlar da olacaq. Bu və ya digər amillər münaqişənin xarakterindən asılıdır", - deyə o bildirib. A.Mürsəliyev əlavə edib ki, Rusiya mətbuatında Azərbaycan və Gürcüstana da zərbə dəyəcəyi barədə məlumatlar var, amma bu informasiyalar "MDB daxili" məlumatlardır. "İran tərəfindən ən yaxşı variant Ormud boğazının bağlanmasıdır. Bunun üçün bir neçə tanker, yaxud barj qəzaya uğratmaq kifayətdir. Bununla yanaşı, İrana qarşı əsasən Amerikanın hərbi dəniz donanması vuruşa bilər, o zaman İraqda ola biləcək üsyan da İrana kömək etməyəcək", - deyə o söyləyib.
Əgər Amerikanın apardığı əməliyyat nəticəsində İranda rejim dəyişilərsə, onda Bakı-Tiflis-Ceyhan kimi layihə, Azərbaycan və Gürcüstanın regiondakı geosiyasi əhəmiyyəti qəfildən aşağı düşər.
"İndi Azərbaycan və Gürcüstana Xəzər hövzəsinə aparan yeganə, Rusiyanın və İranın təsiri olmayan dar bir dəhliz kimi baxılır. Əgər rejim dəyişilsə, İran antiamerikan bir ərazi olmayacaq və özü Xəzər üçün böyük bir qapı olacaq. Bu zaman belə bir dəhlizə ehtiyac qalmayacaq",-deyə ekspert bildirib.