...

"Dövlət borcu haqqında"  qanun layihəsi müzakirə edilib

Siyasət Materials 5 Aprel 2007 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının cümə axşamı Bakıda keçirilən iclasında "Dövlət borcu haqqında"  qanun layihəsi müzakirə edilib.

Komissiyanın sədri Ziyad Səmədzadə bildirib ki, "Dövlət borcu haqqında"  qanun layihəsi dövlət borcalmalarının həyata keçirilməsində, dövlət zəmanətinin verilməsində, borcun idarə olunmasında iştirak edən subyektlər arasındakı  münasibətləri tənzimləyir.

İclasda dövlətin sosial-iqtisadi inkişafına  yönəldilmiş proqramların  həyata  keçirilməsinı təmin etmək, büdcə kəsirlərini örtmək, investisiyaları müəyyənləşdirmək sahəsində  qanunun çox önəmli bir  sənəd olacağı vurğulanıb. Qeyd edilib ki, qanunda  dövlət  zəmanəti ilə alınan  borcların təminat hesabı,  xarici və daxili  dövlət borcalmaları,  dövlət  zəmanətinə xitam,  borcların reyestri, dövlət öhdəliyi yaratmayan  xarici  borcalmalar  kimi  məsələlər də öz əhatəli və aydın əksini tapıb.

Sonra komissiya  üzvləri bəzi  qanunvericilik  aktlarına  əlavə və dəyişikliklər  edilməsi və "Dövlət qulluğu  haqqında" qanuna əlavə və dəyişiklik  edilməsi  barədə" Azərbaycan  Respublikasının  2006-cı  il 12 may  tarixli  108-III QD nömrəli qanununun qüvvədən düşmüş hesab  edilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasının  bəzi qanunvericilik  aktlarına  dəyişikliklər  və əlavələr  edilməsi  barədə" qanun layihələrini  müzakirə  ediblər.

Deputatların və Maliyyə Nazirliyindən, Milli Bankdan dəvət olunmuş mütəxəssislərin rəy və  təklifləri  nəzərə  alınmaqla  sənədlərin  Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə edilib.

Xəbər lenti

Xəbər lenti