...

AMDP sədri: "Müxalifət partiyaları bir-birinə qarşı mübarizə aparırlar"

Siyasət Materials 9 Aprel 2007 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Yolu Siyasi Hərəkatı (AYSH) və Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) imzaladıqları əməkdaşlıq sazişi heç bir qüvvəyə qarşı yönəlməyib. Bu barədə AYSH sədri İlqar Qasımov və AMDP sədri İsgəndər Həmidov bazar ertəsi Bakıda keçirdikləri birgə mətbuat konfransında məlumat veriblər.

İ.Həmidov AYSH sədri ilə saziş imzaladığına görə onu qınayan müxalifət partiyalarını ittiham edib: "Müxalifət partiyaları arasında çoxlu sayda əməkdaşlıq sazişi imzalanıb, partiya sədrləri əllərini üçt-üstə qoyub şəkil çəkdiriblər, bloklar yaradıblar, lakin heç biri imzasına sadiq qalmayıb. Onların imzaladıqları sazişlərin də heç bir nəticəsi olmayıb. Müxalifət partiyaları bir-birinə qarşı mübarizə aparırlar."

AMDP sədri müxalifət partiyalarının keçirdiyi aksiyalarda Dağlıq Qarabağa dair şüarlar səsləndirilmədiyini vurğulayıb və müxalifəti xarici qüvvələrin sifarişini yerinə yetirməkdə ittiham edib: "Müxalifət Qarabağı unudub."

İ.Həmidov qeyd edib ki, bu saziş prezident seçkilərində birgə iştirakı nəzərdə tutmur. Çünki sazişin müddəaları arasında bununla bağlı bənd yoxdur.

"Biz birgə əməkdaşlığın istiqamətlərini müəyyənləşdirmişik. Onlar arasında prezident seçkilərində birgə iştirak yoxdur", - deyə o əlavə edib.

Onun sözlərinə görə, AMDP-nin prezident seçkilərində hansı namizədi dəstəkləməsi məsələsi Siyasi Şurada müzakirə edilib qərar veriləcək. Bu gün üçün onların İlqar Qasımovu müdafiə etməklə bağlı qərarları yoxdur: "Mənim məhkumluğum olduğu üçün prezidentliyə namizəd ola bilmərəm."

AYSH sədri də müxalifəti onların imzaladığı sazişi gözdən salmaqda ittiham edib. Xatırladaq ki, müxalifəti təmsil edən AMDP 1992-ci ildə sabiq daxili işlər naziri İsgəndər Həmidov tərəfindən yaradılıb. Həmidov həbs olunduqdan sonra partiyanın qeydiyyatı ləğv olunub. AMDP sədri 2004-cü ildə prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa çıxıb.

Xatırladaq ki, müxalifəti təmsil edən AYSH 2004-cü ildə yaradılıb. Təşkilata Rusiya Ədliyyə Nazirliyinin generalı İlqar Qasımov rəhbərlik edir

Xəbər lenti

Xəbər lenti