...

Azərbaycanda azadlığa çıxan məhbusların sosial adaptasiyası üçün tədbirlər həyata keçiriləcək

Siyasət Materials 12 May 2007 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ş.Əlizadə/ Azərbaycan Milli Məclisinin sosial siyasət məsələləri daimi komissiyasının sədri Hadı Rəcəbli şənbə günü bəyan edib ki, Amnistiya aktı ilə azadlığa buraxılan şəxslərin sosial adaptasiyası məqsədilə bir sıra tədbirlər həyata keçiriləcək. Onun sözlərinə görə, bu yaxınlarda parlamentdə üçüncü oxunuşda qəbul olunacaq "Penitensiar müəssisələrdə cəza çəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanunda keçmiş məhbusların bir sıra problemlərinin həlli əksini tapacaq.

Rəcəbli bildirib ki, cəzaçəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə onlar üçün sosial adaptasiya mərkəzləri yaradılacaq. Onlara həmçinin minimum əmək haqqının iki misli qədər birdəfəlik yardım ediləcək. İlkin yardım məqsədilə yaşayış sahəsi olmayan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənzil-məişət şəraiti ilə təmin edilməsi, tibbi, hüquqi və psixoloji yardımın göstərilməsi, onların faydalı əməklə məşğul olmaları, təhsil almaları ilə əlaqədar tədbirlərin görülməsi nəzərdə tutulub.

Mayın 8-də Milli Məclisdə qəbul olunan Amnistiya aktı 9000 məhbusa şamil olunub.

Ölkədə Amnistiya aktları 1995-ci ildən tətbiq olunmağa başlayıb. Ötən dövrdə yeddi Amnistiya aktı qəbul olunub, 32 əfv fərmanı verilib. Bu aktlar 77 min nəfəri əhatə edib, o cümlədən 21 325 nəfər cəzaçəkmə müəssisələrindən azad edilib.

Xəbər lenti

Xəbər lenti