Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Daxili İşlər Nazirliyinin (DİN) orqan və hissələrində fəaliyyət göstərən müvəqqəti saxlama təcridxanalarının təxminən 90 faizində yeni təlimatın tələblərinə və müasir standartlara uyğun əsaslı təmir işləri aparılıb. Bu barədə bu gün Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Beynəlxalq Qırmızı Xaç komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Martin Amaşeri ilə görüşü zamanı çıxışında məlumat verib.
Nazir bildirib ki, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi DİN-də aparılan davamlı islahatların prioritet istiqamətlərindəndir.
"Qəbul olunan yeni normativ sənədlərdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi, hüquqi yardımdan istifadə edilməsi, şikayətçilərin hüquqlarının müdafiəsi, şikayət və təkliflərin yuxarı instansiyalara verilməsi, müstəqil ekspertlərlə maneəsiz görüşmək qaydaları əksini tapıb" - deyə Usubov bildirib.
Nazirin sözlərinə görə, polis orqanlarında çalışanların ixtisas və peşə səviyyəsinin artırılması, saxlanılan şəxslərlə davranış və etik normalara riayət edilməsi məqsədilə son illər 500-dən çox əməkdaş xüsusi kurslara cəlb edilib.